Ana Sayfa > Siyasət > Azərbaycan-Tacikistan əməkdaşlığı uğurla inkişaf edir

Azərbaycan-Tacikistan əməkdaşlığı uğurla inkişaf edir


29-05-2024, 11:12. Yazar: sevinc1
Azərbaycan-Tacikistan əməkdaşlığı uğurla inkişaf edir

Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərlərinin böyük rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir.

Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də Azərbaycana dövlət səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edildi, sənaye kooperasiyası, nəqliyyat-logistika, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verildi. Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan ilə Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandı. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. İmzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Əminəm ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək.”

Tacikistan Prezidenti Emoməli Rəhmonun mətbuata bəyanatında iki ölkə arasındakı layihə və proqramların uğurla həyata keçirildiyindən söz açaraq deyib: “Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub ”.
Göründüyü kimi, Tacikistan və Azərbaycan liderlərinin səyləri sayəsində ikitərəfli münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında qurulur və bütün sahələrdə yüksək inkişaf mərhələsini yaşayır. Eyni zamanda, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, ticarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, investisiya, nəqliyyat-logistika, tranzit və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Ölkələrimizin mövcud iqtisadi potensialını nəzərə alaraq qeyd etmək olar ki, Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında bütün sahələr üzrə əlaqələrin daha da genişləndirilməsi və dərinləşməsi üçün münbit şərait var.
Bu səfər bir daha göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Tacikistanla əməkdaşlığının geniş perspektivləri var. Bu əməkdaşlıq daim yüksələn xətlə inkişaf edir.

YAP Oğuz rayon Təşkilatının sədri: Saleh Məhərrəmov

Geri dön