Ana Sayfa > Manşet / Siyasət / Özəl > Müstəqilliyimiz əbədidir
Müstəqilliyimiz əbədidir28-05-2024, 11:33. Yazar: sevinc1 |
Beynəlxalq hüququn subyekti olması bolşevik işğalından sonra Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı 1918-ci il mayın 28-də Azərbaycan tarixinin şanlı səhifələrindən birinə imza atılmış, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur. Qısa zaman kəsiyində - cəmi 23 ay mövcud olmuş bu dövlət təkcə o dövrün tarixi-geosiyasi həyatında dönüş nöqtəsi yaratmamış, həm də bugünkü müstəqil dövlətçiliyimizin ideoloji təməlini qoymuşdur. Qoca Şərqin tarixinə adını ilk demokratik dövlət kimi əbədilik həkk etmiş Azərbaycan Xalq Cümhuriyyəti o dövrün bir çox qabaqcıl ölkələrinə belə nümunə göstərilə biləcək bir dövlət olmuş, sosial-siyasi yeniliklərə, hüquqi-demokratik təsisatlara imza atmışdır. Qadınlara səs hüququnun verilməsi, çoxpartiyalı parlament, peşəkar ordu, təhlükəsizlik orqanları, ilk müasir tipli universitet – bütün bunlar Şərq dünyasında ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyətinin timsalında təşəkkül tapmışdır. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək siyasi mədəniyyətinin bariz təcəssümü idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Xalqımız sonrakı bütün tarixi boyu Cümhuriyyətin zəngin irsini yaşadaraq, bir dəfə qalxan müqəddəs üçrəngli bayrağımızı yenidən başı üzərinə qaldırdı. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamaq üçün böyük səy göstərdi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. XX əsrin sonlarında mənfur erməni daşnak birləşmələrinin hərbi-siyasi təcavüzünə məruz qalan Azərbaycan xalqı doğma torpaqlarını qorumaq, imperiya əsarətindən qurtulmaq üçün yenidən milli-azadlıq yoluna qədəm qoydu və dövlət müstəqilliyini bərpa etdi. Lakin əzəli və əbədi Azərbaycan torpaqlarının bir-birinin ardınca işğal edilməsi, ermənilərə havadarlıq göstərənlər tərəfindən ölkəmizə qarşı siyasi təzyiqlər, beynəlxalq ayrı-seçkilik, daxildəki siyasi qeyri-sabitlik, dərin sosial-iqtisadi böhran davam edir, müstəqil dövlətimizi yeni-yeni sınaqlara çəkirdi. Belə bir çətin və mürəkkəb siyasi şəraitdə xalqın yekdil rəyi və çağırışı ilə respublika rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev öz dərin və uzaqgörən siyasəti ilə dövlətimizin müstəqilliyini və suverenliyini qoruyaraq, xilaskarlıq missiyasını yerinə yetirdi. Xalqımızın ümummilli liderinin qəbul etdiyi müdrik qərarlar dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi, Azərbaycanın nicat və davamlı inkişaf yolunu müəyyənləşdirdi. Onun yorulmaz səyləri sayəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, cəbhə bölgəsində atəşkəs əldə edildi və ölkəmizin iqtisadi qüdrətinin əsasını qoyan taleyüklü enerji müqavilələri imzalandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanı inkişaf və tərəqqi zirvəsinə aparan siyasi-iqtisadi kursu bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Artıq beynəlxalq birliyin bərabərhüquqlu üzvü olan Azərbaycan təkcə yaşadığımız regionda deyil, bütün dünyada özünə layiqli yer tutan nüfuzlu, müasir və güclü bir dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qətiyyətli və müdrik komandanlığı altında rəşadətli ordumuz dörd il öncə uğurlu əks-hücum əməliyyatları keçirərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, soydaşlarımızın 30 illik Vətən həsrətinə son qoydu. Bu Böyük Zəfər Prezidentimizin müdrik və uzaqgörən siyasət xəttinin, öz liderinin arxasınca inamla addımlayan xalqımızın sarsılmaz birliyinin, qətiyyətli rəhbərinə, qüdrətli və müzəffər Ali Baş Komandanına bəslədiyi sonsuz inam və etimadının qələbəsidir. Bu Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Xankəndində, Şuşada, Xocalıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və Ağdamada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Əmanəti qoruyub saxlamaqsa hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Bu gün tam qətiyyətlə deyə bilərik ki, suverenliyini təmin etmiş müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir İlqar İlyasov YAP Laçın rayon təşkilatının sədri Geri dön |