Ana Sayfa > Siyasət > Azərbaycan - Tacikistan strateji tərəfdaşlığı möhkəmlənir

Azərbaycan - Tacikistan strateji tərəfdaşlığı möhkəmlənir


25-05-2024, 16:47. Yazar: sevinc1
Azərbaycan - Tacikistan strateji tərəfdaşlığı möhkəmlənir

Tacikistan bu gün Azərbaycan ilə səmimi münasibətləri, etibarlı tarixi əlaqələri olan ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Qeyd olunmalıdır ki, ölkələrarası əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Xatırlatmaq yerinə düşər ki, cənab Prezident İlham Əliyev keçən ilin aprel ayında Tacikistana etdiyi dövlət səfəri zamanı mətbuata bəyanatla etdiyi çıxışında demişdi ki, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Budur, artıq həmin tarixi səfərdən bir il sonra Azərbaycan ilə Tacikistan strateji tərəfdaşlara çevrilirlər. Bu baxımdan Tacikistan Prezidenti Emoməli Rəhmonun cari ilin 23 may tarixində Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edən hadisə oldu. Səfər çərçivəsində ölkələrimiz arasında 14 sənəd imzalandı ki, onlardan da ən mühümü “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.

Cənab Prezident İlham Əliyev həmin gün mətbuata bəyanatla etdiyi çıxışında bunu da bildirdi ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Bu da qeyd olundu ki, Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir.

Danılmaz həqiqətdir ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bunu şərtləndirən əsas amillərdən biri bu gün Mərkəzi Asiya ölkələrindən və Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaların məhz ölkəmizin ərazisindən həyata keçirilməsidir. Bütün bunlar da dünya ölkələrinin Azərbaycana marağını getdikcə artırır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.

Geri dön