Ana Sayfa > Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Tacikistanla münasibətlər ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”
Aqiyə Naxçıvanlı: “Tacikistanla münasibətlər ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”24-05-2024, 20:44. Yazar: sevinc1 |
“Azərbaycan dövlətinin xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu regionda Tacikistanla münasibətlər isə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edə bilərik ki, Azərbaycan ilə Tacikistan arasında etibarlı əməkdaşlıq əlaqələrinin formalaşmasında ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ən mühüm amil kimi çıxış edib. Bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu gün də səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında öz əksini tapır. Daha bir önəmli məqam ölkələrimiz arasında münasibətlərin parlamentlər səviyyəsində də uğurla davam etdirilməsilə bağlıdır. Hazırda Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. İndiyədək iki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci ilin 15mart tarixində “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Əlbəttə ki, cari ilin may ayının 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana etdiyi növbəti dövlət səfəri və ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin bundan sonra daha əhatəli və intensiv inkişafına zəmin yaratmış oldu.” Bu sözləri Azərbaycan-Tacikistan münasibətlərinə dair öz fikirlərini paylaşan Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı mətbuata açıqlamasında deyib. Daha sonra deputat Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrində beynəlxalq nəqliyyat sahəsinin xüsusi yer tutduğunu vurğulayıb: “Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev hər iki ölkənin hökumətlərinə sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verildiyini açıqladı. Bununla belə dövlət başçısı məhz nəqliyyat sektorunun əməkdaşlığın mərkəzində olduğunu xüsusi qeyd etdi. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra nəqliyyat-logistika imkanlarını xeyli genişləndirib. Ölkəmizin Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi önəmi daha da artıb. Bu gün Mərkəzi Asiya ölkələrindən, hətta Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Azərbaycanın ərazisindən həyata keçirilir. Əlbəttə ki, Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir. Azərbaycan isə öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün artıq müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Bu layihələr bir daha sübut edir ki, Azərbaycan bütün dost və tərəfdaş ölkələrin inkişafına hər zaman töhfələr verməyə hazırdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |