Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Qarşılıqlı hörmət əsasında qurulan əlaqələr

Anar Nəbiyev: Qarşılıqlı hörmət əsasında qurulan əlaqələr


24-05-2024, 11:18. Yazar: sevinc1
Anar Nəbiyev: Qarşılıqlı hörmət əsasında qurulan əlaqələr

Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə dinc qonşuluq, dostluq şəraitində yaşayıb - yaratmış və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxmışdır. Tarixi çox qədim olan qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün “Qız Qalası” və “Xudafərin” hidroqovşağı kimi nəhəng layihələrdə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərir və təbii ki, gələcək planlarda da göstərəcəkdir.
Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran - Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.
Ölkə Başçısı bildirdi ki, bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal - Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.
Möhtərəm Prezidentimiz onu da diqqətə çatdırdı ki, Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik. Energetika sahəsində çox böyük planlar mövcuddur. 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq.
Önəmli amillərdən söz açan Dövlət Başçısı vurğuladı ki, İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri - regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir.
Azərbaycan diplomatiyasının prioritetinə gəlincə biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq.
Əminliklə söyləmək olar ki, qarşılıqlı etimada, hörmətə və səmimi münasibətlərə söykənən İran - Azərbaycan əlaqələrinin gələcəkdə də hərtərəfli inkişafı üçün geniş prespektivlər mövcuddur. Bütün bunlar iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə böyük zəmin yaradır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön