Ana Sayfa > Siyasət / Özəl > Belarusla münasibətlər yüksək səviyyədədir

Belarusla münasibətlər yüksək səviyyədədir


17-05-2024, 18:22. Yazar: sevinc1
Belarusla münasibətlər yüksək səviyyədədir

Azərbaycan və Belarus arasında qırılmaz tarixi bağlara malik olan səmimi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Hələ SSRİ dövründə, iki ölkənin müttəfiq respublikalar kimi mövcud olduqları vaxtda yaranmış bu münasibətlər müstəqillik əldə olunandan sonra daha möhkəmlənmiş və inkişaf etmişdir. Bu fikirlər mayın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mətbuata bəyanatlarla etdikləri çıxışlarında da öz əksini aydın şəkildə tapıb. Prezident Lukaşenkonu böyük dostumuz adlandırmaqla, dövlət başçımız iki ölkə arasında münasibətlərin formalaşmasında Azərbaycan və Belarus Prezidentlərinin şəxsi münasibətlərinin həlledici rol oynadığını bir daha diqqət mərkəzinə çəkmiş oldu. Qeyd edildi ki, aparılan danışıqlar, təkbətək və geniş tərkibdə keçirilən görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Cənab Prezident İlham Əliyev Belarusun dövlət başçısını noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etməklə bu dost ölkə ilə münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha vurğuladı.

Aparılan müzakirələrdə sənaye kooperasiyası, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması kimi önəmli məsələlər yer almışdır. O cümlədən maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat kimi strateji sahələrdə əlaqələrin inkişafı məsələləri geniş şəkildə müzakirə olunub. Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında hazırda görülən və həyata keçiriləcək işlərin miqyasının çox geniş olduğunu diqqətə çatdıraraq, böyük təcrübəyə malik olan Belarus şirkətlərini bu işlərdə fəal iştirak etməyə dəvət edib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə tətbiqi üçün geniş imkanlar var. Dövlət başçımızn dediyi kimi, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

Azərbaycan ilə Belarus arasında münasibətlər dürüstlük, səmimiyyət və ləyaqət kimi dəyərlər üzərində qurulmaqla, konkret nəticələrə hədəflənib və iki dost ölkənin xalqlarının maraqlarına tam uyğun şəkildə inkişaf etdirilir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön