Ana Sayfa > Siyasət > Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir
Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir14-05-2024, 13:04. Yazar: sevinc1 |
Azərbaycan və Bolqarıstan arasında əlaqələrin zəngin tarixi vardır. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 32-ci ildönümü qeyd olunacaq. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Iki ölkə arasında münasibətlərin Prezident İlham Əliyevin 2015-ci ildə paytaxt Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyub. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. İndiyədək iki ölkə arasında imzalanan 60-dan çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də bu münasibətlərin inkişafına yeni töhfə oldu. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” və digər sənədlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına yeni üfüqlər açdı. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, “Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır” İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradənin önəmini xüsusi qeyd etmək lazımdır. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Mətbuata verdiyi bəyanatında Cənab Prezidentin bildirdiyi kimi, “Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bu gün Bolqarıstan həm də qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir”. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Cənab Prezident mətbuata verdiyi bəyanatında nəqliyyat sahəsini önəmli əməkdaşlıq istiqaməti kimi qeyd etdi; “Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatıb. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılıb. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Saleh Məhərrəmov, YAP Oğuz rayon təşkilatının sədri Geri dön |