Ana Sayfa > Siyasət / Özəl > Şuşa sürətlə dirçəlir

Şuşa sürətlə dirçəlir


13-05-2024, 14:08. Yazar: sevinc1
Şuşa sürətlə dirçəlir

Cari ilin 10 may tarixi şuşalıların yaddaşında ikiqat əlamətdar gün kimi qalacaq. Məhz bu gün Ulu Öndər Heydər Əliyevin doğum gününü işğaldan sonra ilk dəfə olaraq doğma şəhərlərində qeyd edən Şuşa sakinlərinə onlar üçün yeni inşa edilmiş mənzillərin açarlarını Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən təqdim etdilər. Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar.
Şəhərin ilk sakinləri ilə görüşdə çıxış edən dövlət başçısı bir daha hamının diqqətinə çatdırdı ki, bizim qürur mənbəyimiz olan Şuşanı da, o zaman işğal altında olan digər torpaqları da öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Azərbaycanda əsil vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam gənc nəsil yetişdi və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-2020-ci illər ərzində atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Dövlət başçımızın gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Ötən illər ərzində bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Məhz bu hədəfə nail olmaq üçün 17 il ərzində Azərbaycan Prezidenti danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Dövlət başçımızın dediyi kimi, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Buna görə də Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoyuldu. Tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir.
Ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Dünya Azərbaycan dövlətinin gücünü və Azərbaycan Prezidentinin siyasi iradəsini bir daha gördü.
Bu gün isə işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Şuşada da genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə artıq üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Hazırda Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Həqiqətən də Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Cənab Prezident İlham Əliyevin dediyi kimi, hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Heç bir şübhə yoxdur ki, ən yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, hətta dünyanın ən gözəl yerlərindən biri olacaqdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.

Geri dön