Ana Sayfa > Siyasət > Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır

Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır


7-05-2024, 11:25. Yazar: sevinc1
Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır

Azərbaycan 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə xüsusi təşəbbüs irəli sürülmüşdür. Ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması durur. 2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı. Həmin ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. 2011-ci ilin 7–9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. COVİD-19 pandemiyası və post-pandemiya dövrü ilə əlaqədar Forumun işində müəyyən fasilə yarandı. Bu ilin may ayının 1-də isə Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Birmənalı olaraq deyə bilərik ki, bu Forum artıq bir neçə ildir ki, müxtəlif qlobal problemlərin müzakirəsi üçün dünyanın bir çox ölkələrinin yüksək səviyyədə təmsil olunduğu nüfuzlu beynəlxalq platforma kimi fəaliyyət göstərir.

VI Qlobal Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev öz nitqində bu gün bütün dünya ölkələrinin gündəmində duran bir çox vacib məsələlər barədə önəmli fikirlər səsləndirmişdir. Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu çox önəmli məsələlərdən biri də Avropa və Qlobal Cənub ölkələri arasında əlaqələri yaratmaq və ya daha da gücləndirmək məsələsi ilə bağlı oldu. Təbii ki, müəyyən tarixi səbəblər bu gün müxtəlif qitələrdə yerləşən bəzi ölkələrin hətta qlobal problemlərin həlli məqsədilə də olmuş olsa belə, eyni mövqelərdən çıxış etmələrinə müəyyən əngəllər yaradır. Məhz bu baxımdan da Azərbaycanın bir tərəfdən Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrlik təcrübəsi, digər tərəfdən isə, ölkəmizin bir çox Avropa dövlətləri ilə strateji tərəfdaşlıq münasibətləri qitələr arasında körpülərin salınması işinə böyük töhfələr verə bilər. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı dövlətimizə müxtəlif qitələrin ölkələri arasında həmrəyliyi formalaşdırmağa və möhkəmləndirməyə imkan yaradacaq. Məhz bütün bu amilləri nəzərə alaraq, cənab Prezident İlham Əliyev öz nitqində bəyan etdi ki, biz buna nail ola bilərik.

Əlbəttə ki, Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən ölkəmizə COP29-a ev sahibliyi hüququ verilməsi bəzi təşkilatlar tərəfindən ilk öncə birmənalı qarşılanmadı. Lakin hələ bu qərarın qəbul edilməsindən xeyli əvvəl Azərbaycan artıq özünün yaşıl gündəliyinə malik idi. Öz çıxışında bu məsələyə də toxunan dövlət başçımız bildirdi ki, 2027-ci ilə qədər Azərbaycanda artıq 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün əlavə imkanlar yaranacaqdır. Bütün bunlar üçün Azərbaycan dövləti çox yaxşı sərmayə şəraiti yaradıb və hazırda bu sahələrdə etibarlı sərmayədarlar da var. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu gün neft və qazla yanaşı bərpaolunan enerji mənbələrindən istifadə edir və ölkəmizin bu sahədə iqlim dəyişikliyi ilə bağlı göstəriciləri nümunəvi hesab oluna bilər.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının üzvü

Geri dön