Ana Sayfa > Siyasət > Əli Sadıqov: “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır”

Əli Sadıqov: “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır”


3-05-2024, 18:00. Yazar: sevinc1
Əli Sadıqov: “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır”

“XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev əslində bu tarixin ən şərəfli səhifələrinin müəlliflidir. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ulu Öndər unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.”

Bu sözləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon komitəsinin sədri Əli Sadıqov deyib.

Müsahibimiz Əli Sadıqov 1969-cu ildə Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildiyini, bütün sahələrdə intibahın əsasının qoyuldunu vurğulayıb: “Məhz həmin dövrdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran Ulu Öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.”

Daha sonra Əli Sadıqov ötən əsrdə artıq ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycanın əsrin sonlarında həm suverenliyini, həm də dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qaldığından bəhs edərək bunları deyib: “1991-ci ildə ölkədə yaranmış qarışıqlıq sayəsində hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ müharibəsi də arxa plana keçmişdi. Bu çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas həlledici amili oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Ulu Öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ümummilli Liderin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin ötən əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.”

Sonda müsahibimiz Azərbaycan xalqının və dövlətinin Ulu Öndərin siyasi mirasına hər zaman sadiq olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın 44 gün ərzində apardığı və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdiyi II Qarabağ savaşının nəticələri də, 2023-cü ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması da Azərbaycanda Heydər Əliyev siyasi xəttinin alternativsizliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Artıq dördüncü ildir ki, xalqımız öz Ulu Öndərinin doğum gününü qalib ölkənin qalib xalqı kimi qeyd edir. Azərbaycan qarşısında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi yeri vardır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq” – deyə, Əli Sadıqov fikirlərini tamamlayıb.
Geri dön