Ana Sayfa > Siyasət > Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır
Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır2-05-2024, 18:23. Yazar: sevinc1 |
26 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Respublikasına rəsmi səfər edib. Dövlət başçısının Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək, geniş tərkibdə görüşləri, eyni zamanda, Berlin şəhərində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. “15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi. Son illər dünyanın ən qlobal problemlərindən biri də enerjidir. Azərbaycan bu baxımdan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Ölkə Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haqda da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”. Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır: “Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq.” Dövlət başçısı həm görüşlərdə, həm də sözügedən tədbirdəki çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara və hazırda sülhə nail olmaq üçün yaxşı fürsətlərin olmasına yönəltdi. İkinci Qarabağ müharibəsi – Azərbaycanın ədalətli müharibəsi tarixi Zəfərlə başa çatdı. Dünyanın bəşəri dövlətləri haqqın, ədalətin təntənəsi kimi bu müharibəni də, qazanılan bu Zəfəri də dəstəklədi. Mətbuat konfransında cənab İlham Əliyev qalib dövlətin adından dedi: “Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmiş, keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Müharibə başa çatandan bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, təqribən 7 milyard dollara yaxın vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib. Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq.” Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını ünvanlayır. Prezident İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir. Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon Təşkilatının sədri Geri dön |