Ana Sayfa > Siyasət > Azərbaycan-Qırğızıstan dostluq əlaqələri dinamik inkişaf edir

Azərbaycan-Qırğızıstan dostluq əlaqələri dinamik inkişaf edir


29-04-2024, 15:58. Yazar: sevinc1
Azərbaycan-Qırğızıstan dostluq əlaqələri dinamik inkişaf edir

Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursunun önəmli istiqamətlərindən biri də Türkdilli dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bu baxımdan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprel ayının 24-də Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşməsinə, əməkdaşlıq əlaqələrinin daha da inkişafına xidmət etməklə böyük əhəmiyyət kəsb edir. İki ölkənin dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlıq ruhunda Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının uğurla keçdiyi, imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcəyi diqqətə çatdırılıb. Dövlət başçısı Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunda tikiləcək orta məktəbə görə minnətdarığını bildirib və bu dəstəyin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri indi də yüksələn xətlə inkişaf edir. Birmənalı olaraq deyə bilərik ki, Qırğız xalqının böyük oğlu, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı bu dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək. Demək lazımdır ki, Aytmatov Azərbaycanda çox yaxşı tanınır və sevilir. Dahi yazıçı həm də fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi milyonların hörmətini qazanıb. Bütün həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Çingiz Aytmatov həqiqətən də qırğız xalqının böyük oğludur. Azərbaycan və Qırğızıstan arasında münasibətlərin möhkəmlənməsi işində xidmətlərinə görə Ç.Aytmatov Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. O, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının və bütün qardaş xalqların qəlbində yaşayır. Bu gün bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının üzvü.

Geri dön