Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan-Qırğızıstan münasibətləri bütün Türk dünyasının güclənməsinə mühüm töhfədir”

Aqiyə Naxçıvanlı: “Azərbaycan-Qırğızıstan münasibətləri bütün Türk dünyasının güclənməsinə mühüm töhfədir”


26-04-2024, 13:59. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Qırğızıstan münasibətləri bütün Türk dünyasının güclənməsinə mühüm töhfədir”

“Bu gün Azərbaycan bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycana etdiyi səfər də böyük əhəmiyyət kəsb edir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb ki, onların da arasında iki ölkənin dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” xüsusi önəm kəsb edir. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev ölkələrimiz arasında fəaliyyət gündəliyinin kifayət qədər geniş olduğunu vurğuladı. Həmçinin dövlətimizin başçısı hər il qarşılıqlı səfərlərin həyata keçirilməsini yaxşı ənənə kimi dəyərləndirərək, hər bir görüşün qarşılıqlı fəaliyyətin və ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın vacib məsələlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş ölkələr olduğu xüsusi vurğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələrimiz arasında münasibətləri intensivləşdirmək əzmində olduqlarını bildirdilər.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır: “24 aprel 2024-cü il tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı xalqlarımız arasında mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirdi ki, bu mühüm mədəni hadisə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Dünya şöhrətli yazıçı Çingiz Aytmatov həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Qeyd olunmalıdır ki, Azərbaycan xalqı Çingiz Aytmatovun yaradıcılığı ilə kifayət qədər yaxından tanışdır, onu yüksək qiymətləndirir və sevir. Təsadüfi deyil ki, Çingiz Aytmatov ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Geri dön