Ana Sayfa > Siyasət / Özəl > Əməkdaşlığın yeni perspektivləri
Əməkdaşlığın yeni perspektivləri26-04-2024, 12:27. Yazar: sevinc1 |
Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq iki ildən çoxdur ki, strateji tərəfdaşlıq səviyyəsində davam edir. Bu ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə ediblər. Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçirilib. İclas başa çatdıqdan sonra hər iki ölkənin Prezidentlərinin iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. O cümlədən “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı” və bir çox digər mühüm sənədlər imzalanıb. Sənədlərin imzalanma mərasimindən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla çıxı ediblər. Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinin əsasında səmimi dostluq münasibətləri durur. Yeri gəlmişkən bu dostluğu təsdiqləyən faktlardan biri də Bakı və Bişkek şəhərlərinin qardaşlaşmış şəhərlərə çevrilməsidir. Öz çıxışında dövlətimizin başçısı həmçinin Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövlətinin vəsaiti hesabına Ağdam rayonunda inşa olunacaq orta məktəbə görə öz minnətdarlığını ifadə edib. Cənab Prezident İlham Əliyevin çıxışında bu da qeyd olunub ki, həm Azərbaycanın, həm də Qırğızıstanın energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Həm də ölkəmiz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Qarşılıqlı maraq doğuran məqamlardan biri də budur ki, bu gün həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Dövlət başçısı Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutun təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olacağını xüsusi vurğulayıb. Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsi iki dost və qardaş ölkə arasında münasibətlərin formalaşmasında mədəni əlaqələrin önəmli rol oynadığını göstərir. Əlbəttə ki, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da böyük mədəni hadisədir. Açılışda çıxış edən cənab Prezident İlham Əliyev Çingiz Aytmatovun Bakıdakı abidəsinin Azərbaycan və qırğız xalqlarının birliyinin, dostluğunun və qardaşlığının rəmzinə çevriləcəyini bildirdi. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Geri dön |