Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”
Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”26-04-2024, 11:50. Yazar: sevinc1 |
“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə həsr olunmuş tədbir həm iqtisadi, həm də siyasi baxımdan çox önəmli hadisədir. Bu tədbir keçmiş SSRİ-nin, planetin quru ərazisinin altıda bir hissəsini əhatə edən super dövlətin o dövrdəki subyektlərinin hər birinin, yəni 15 respublikanın yaxın keçmişində baş vermiş önəmli hadisələrinin reabilitasiyasıdır”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, BAM ötən əsrdə həyata keçirilmiş ən nəhəng logistik layihələrdən biridir. “Bu layihənin gerçəkləşməsində ilkin mərhələlərdə Azərbaycan SSR-in rəhbəri, 1982-ci ildən sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq Heydər Əliyevin müstəsna xidmətləri olub. Cənab Prezident İlham Əliyevin bu dövlət tədbirinə Rusiya Prezidentinin dəvətilə qatılması da Ümummilli Liderimizin bütün keçmiş SSRİ və əlbəttə ki, ilk növbədə, Rusiya xalqları qarşısında tarixi xidmətlərinin etirafıdır.” Deputat öz fikirlərini davam etdirərək, Azərbaycan və Rusiya Prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri görüş zamanı etdikləri çıxışlarda bir çox vacib məqamlara dair önəmli açıqlamaların yer aldığını qeyd edib. K.Qafarov xüsusi olaraq vurğulayıb ki, dövlət başçılarının keçirdikləri istər geniş tərkibli, istərsə də təkbətək görüşlərin hər iki ölkə arasında, Azərbaycan və rus xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsus özəlliklərə malik əsaslar üzərində formalaşmasında və bugünkü səviyyəyə yüksəlməsində hər iki ölkənin onilliklər ərzində vahid dövlətin tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları ilə şərtlənir. Yetmiş il ərzində yaşanmış önəmli tarixi məqamlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətlərin gələcəkdə də ardıcıl inkişafına zəmin yaradıb. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2022-ci ilin fevralında Kremldə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə əsas siyasi sənəd olaraq ölkələrimiz arasında əməkdaşlığın əsas genişlənmə istiqamətlərini də müəyyən edir. İki dövlət arasında bu gün mövcud olan gündəlik kifayət qədər geniş olmaqla, özündə regional təhlükəsizlik və qlobal strateji əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat komponentlərini də ehtiva edir. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan və Rusiya sadəcə böyük nəqliyyat layihələri həyata keçirmir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. İkitərəfli münasibətlərdə, əlbəttə ki, regional təhlükəsizlik məsələləri hər zaman xüsusilə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bütün qlobal və regional aktorlar da bununla hesablaşmalıdırlar. Eyni zamanda, Avrasiya məkanında gedən geosiyasi proseslərin əsas istiqamətini müəyyən edən amillər arasında ölkələrimiz arasındakı əməkdaşlığı, qarşılıqlı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Məhz bu amillərdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və bütün məsələlərin nizamlanması dövlətlərarası münasibətlərin prioritet istiqamətləridir. Nəzərə almaq lazımdır ki, ökələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar bu münasibətlərin inkişafında həlledici rol oynayır. Hazırda bütün bu amillər və tarixi şəraitin mövcud komponentləri çərçivəsində Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.” Geri dön |