Ana Sayfa > Siyasət > Aqrar sahənin innovativ inkişafı
Aqrar sahənin innovativ inkişafı18-04-2024, 09:54. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan edib. Ölkəmizin başçısı ölkənin aqrar siyasətinin əsas məqsədinin Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib. Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir aqrar siyasətdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Bu məqsədlə yeni su anbarlarının, suvarma kanallarının inşa edilməsi yaxın gələcəkdə qeyd edilən məsələlərin həllini tapacağından xəbər verir. Aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyan cənab İlham Əliyev çıxış edib və bir daha kənd təsərrüfatının inkişafı üçün vacib olan layihələrin icrası sahəsində görülən işlərə diqqət yönəldib. Ölkəmizin başçısı qeyd edib ki, suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Bütün bu problemlərin həllinə yönəlmiş indiki layihə ilk növbədə həm kanalın yenidən qurulmasını, həm də suvarılan torpaqların sahəsinin artmasını, eyni zamanda qurumaqda olan Hacıqabul gölünə yeni həyat verilməsinin əsası olacaqdır. Cənab Prezident qeyd edib ki, “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, - vaxtilə bu, Yuxarı Qarabağ kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, - inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.” İqlim dəyişikliyi ilə bağlı dünyada və ölkəmizdə böyük narahatlığın olduğunu qeyd edən ölkə başçısı yaxın gələcəkdə suya olan tələbatın tam ödənilməsi üçün indidən hazırlıq işlərinin görülməsinin və sudan səmərəli istifadənin vacibliyini önə çəkərək bildirmişdir ki, “Artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük.” Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının bizim ümumi su resurslarımızın 25 faizini təşkil etdiyini qeyd edən ölkə başçısı bildirib ki, bu resursların daxili mənbələr hesabına formalaşması bizə daha geniş suvarma şəbəkələrinin yaradılması imkanı verir: “Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var”-deyə cənab Prezident bildirmişdir. Çıxışının sonunda 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışının qeyd ediləcəyini, bu müddətdə Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonunda yeni və gələcəyə hesablanmış perspektivli layihələrin həyata keçiriləcəyini qeyd edən cənab İlham Əliyev ölkəmizdə idxaldan asılılığın tamamilə aradan qaldırılacağının anonsunu verdi. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |