Ana Sayfa > Siyasət > Radikal müxalifətin mitinq şousu xarici dairələrin çirkin sifarişlərinin yerinə yetirilməsinə xidmət edir

Radikal müxalifətin mitinq şousu xarici dairələrin çirkin sifarişlərinin yerinə yetirilməsinə xidmət edir


17-04-2024, 14:45. Yazar: sevinc1
Radikal müxalifətin mitinq şousu xarici dairələrin çirkin sifarişlərinin yerinə yetirilməsinə xidmət edir

“Azərbaycan hazırda tarixi Zəfərinin yaratdığı reallıqlara söykənərək işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri, eyni zamanda, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımları, göstərdiyi səyləri ilə diqqətdədir. Daim ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir. Bugünümüzün böyük qürur hissi ilə qeyd etdiyimiz reallıqlarından biri də Azərbaycanın sözünün imzası qədər dəyərli, qalib ölkə kimi diktə edən tərəf olmasıdır. Bu gün Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkədə sabitliyin mövcudluğu hər bir sahədə uğurlu addımların atılmasına geniş yol açır. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin yerləşdiyi coğrafi məkan onun ölkələr, xalqlar arasında körpü roluna mütəmadi olaraq yeni əlavələr edir. İqtisadi və siyasi müstəqilliyini təmin edən Azərbaycan hazırda demokratik inkişafı ilə də nümunədir. Bütün bunların hamısı möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdəti fonunda Azərbaycanın inkişafının möhkəm təməlini yaratdı. Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana qalibiyyət sevincini yaşatdı. Ölkəmizin keçdiyi inkişaf yoluna qısa nəzər salmağımız səbəbsiz deyil. Məlum olduğu kimi, radikallığı fəaliyyətlərinin əsas tərkib hissəsinə çevirən “milli şura”çılar aprelin 21-də mitinq keçirməyi planlaşdırıb. Sual olunur: Mitinqlərin keçirilməsinə ehtiyac varmı? Bu ünsürlərin küçələrə çıxmaq üçün etdikləri çağırışlara diqqət yetirdikdə çirkin niyyətləri özünü qabarıq şəkildə bürüzə verir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, regionda və qlobal miqyasda gedən son dərəcə mürəkkəb hərbi-siyasi proseslər fonunda radikal müxalifətin həftənin sonuna mitinq təyin etməsi xarici dairələrin çirkin sifarişlərinin yerinə yetirilməsinə xidmət edir: “Daxili bədxahlarımızdan öz maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə adətkar olan anti-Azərbaycan dairələrin mitinq sifarişlərinin radkal düşərgədə ruh yüksəkliyi ilə qarşılanması ictimaiyyət tərəfindən böyük nifrət hissi ilə qarşılanır. Xalq “sapı özümüzdən olan baltaların” bu dairələrin ssenariləri əsasında mütəmadi küçələrə çıxmalarının şahididir. Məqsəd və məramlarının ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, xalq-iqtidar birliyinə zərbə vurmaq olduğu məlum olaylardandır. Hər dəfə cəhdlərinin boşa çıxması onları məyus edir, xarici himayədarlarının sərt reaksiyaları ilə üz-üzə qalırlar. Xalq bu ünsürlərə “yox” cavabının dəyişməz olduğunu keçirilən bütün mitinqlərdə təsdiqləyib.”

Əliabbas Salahzadə onu da əlavə edib ki, siyasi meydanın küncünə sıxışdırılan bu ünsürlərin zaman-zaman varlıqları barədə təsəvvür yaratmaq üçün küçələrə çıxmaları artıq adət halını alıb: “Bu mitinqin keçirilməsinin digər məqsədi məhz özləri barədə böyük görüntu yaratmağa çalışan ünsürlərin fəaliyyətsizliklərini ört-basdır etmək istəkləridir. Ölkədə keçirilən bütün seçki proseslərində boykot taktikasına üstünlük verənlərin uğurlarımıza kölgə salmaq üçün belə cəhdlər etmələri onlara qarşı nifrəti birə on qat artırır. Hazırkı dövrdə siyasi dialoq günümüzün əsas çağırışları sırasındadır. Bu gün küçələrə can atan ünsürlər siyasi dialoqdan da imtina edir, hər hansı məsələnin masa arxasında deyil, küçələrdə çozülməsinə daha çox maraq göstərirlər. Bu maraq onların xarici himayədarları qarşısında götürdükləri öhdəliklərin təqdimatıdır.”

Millət vəkili vurğulayıb ki, dövr dəyişir, baş verən yeniliklər insanların yanaşmalarına, baxışlarına da öz müsbət təsirin göstərir: “Lakin dəyişməyən, hələ də hakimiyyətdə olduqları dövrün nostalji hissləri ilə yaşayan anti-milli ünsürlər dərk etmək istəmirlər ki, artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Bu torpaqlarımız yenidən qurulur, bərpa edilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Ölkəmiz bütün bu işləri öz daxili imkanları hesabına həyata keçirir. Amma bu gün küçələrə çıxmaq üçün bəhanə axtarışında olan “milli şuraçı”lar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, seçki islahatlarının həyata keçirilməsinə və digər bugünümüzün reallıqları ilə tam əks təşkil edən çağırışları ilə diqqətdədirlər. Bu ünsürlər çox yaxşı bilirlər ki, küçələrə etdikləri cəhdlər əsassızdır. Xalq onların hansı məqsədlər uğrunda çalışdıqlarını çox yaxşı bilir. Saxta vətənpərvəlik görüntüsü yaratmağa ehtiyac yoxdur.”

aia.az
Geri dön