Ana Sayfa > Siyasət > Anar Nəbiyev:Tarixin səhifələrində əbədiləşən, unudulmaz şəxsiyyət
Anar Nəbiyev:Tarixin səhifələrində əbədiləşən, unudulmaz şəxsiyyət15-04-2024, 12:08. Yazar: sevinc1 |
Müdrik Azərbaycan xalqı öz tarixi boyu bir çox görkəmli şəxsiyyətlər yetişdirmişdir. Xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan məşhur insanlardan biri də həkim - oftalmoloq, tibb elmləri doktoru, akademik, Azərbaycanın əməkdar elm xadimi, görkəmli alim, pedaqoq və eyni zamanda həssas, qayğıkeş, xeyirxah insan Zərifə xanım Əliyevadır. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq hələ sağlığında Zərifə xanımı əfsanələşdirmişdir. Alim kimi o, bir çox dəyərli əsərlər qoyub getmişdir. Onun irsi, elmi nailiyyətləri, pedaqoji təcrübəsi daim tədqiqat obyekti olmuşdur və bu gün də olaraq qalır. Zərifə Əliyeva şəxsiyyətinin gücü, qüdrəti onun həm də məhz, ona müraciət edən insanlara fədakarcasına xidmətində idi. Zərifə xanım yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. O, xəstələri yalnız işdə və klinikada deyil, hər yerdə, zərurət halında hər şəraitdə qəbul edir, onlara dəyərli məsləhətlər verir, heç kimi köməksiz, ümidsiz qoymurdu. Görkəmli Akademikin həyat və fəaliyyətində uşaqlara diqqət və qayğı da xüsusi yer tutdurdu. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmir, o, respublikanın şəhər və rayonlarını bir - bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə - profilaktik tədbirləri həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - Moskva Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim - oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Zərifə xanım hər zaman hər bir sahədə ön sırada idi. Hələ gənc ikən - elmi - tədqiqat mövzusunu müəyyənləşdirərkən respublika səhiyyəsi üçün böyük əhəmiyyət kəsb edən sahəni seçmişdi. Namizədlik dissertasiyasının mövzusu da məhz, oftalmologiyanın aktual probleminə - traxoma ilə mübarizəyə aid idi. Görmə qabiliyyətinin itirilməsinin çox geniş yayılmış səbəblərindən biri olan traxoma həqiqətən həmin illərdə Azərbaycanda ictimai bir bəlaya çevrilmişdi. Zərifə xanım həmin dövrdə dissertasiya üzərində işləyə - işləyə yüzlərlə, minlərlə xəstənin sağlamlığını özünə qaytararaq, uşaq evlərindəki çoxsaylı yetim uşaqları müalicə edir, bundan əlavə, qlaukoma və zəif görmənin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq respublikanın regionlarında olurdu. Zərifə xanım həm də gözəl, qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.” Akademik Zərifə xanım Əliyeva Heydər Əliyev ocağında ata - anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan iki övlad böyümüşdür. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım hər zaman əsl ana qayğısı, ana nəvazişi göstərmişdir. Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyeva övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Möhtərəm Prezident İlham Əliyev cənabları kimi dünyaşöhrətli siyasətçini xalqımıza bəxş etmişdilər. Odur ki, qədirbilən Azərbaycan xalqı Ulu Öndərimiz kimi Akademik Zərifə xanımın da əziz xatirəsini daim uca tutur, onu böyük ehtiramla yad edir. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri aia.az Geri dön |