Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”

Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”


14-04-2024, 10:09. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”

“Hər il aprel ayının 15-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz ehtiramla anır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.

Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar ölkə mətbuatına verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.



Deputat bildirib ki, Z. Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələri obyektiv qiymətləndirmək üçün, ilk növbədə, onun traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirakına nəzər salmaq lazımdır. “ XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Məhz belə bir dövrdə Zərifə xanım mütəmadi olaraq traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilməyə başlandı və ölkəmiz bu xəstəlikdən xilas oldu.”

Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ilə bağlı fikirlərini davam etdirən K.Qafarov daha sonra bildirib ki, görkəmli alimin elmi araşdırmaları oftalmologiyanın inkişafına böyük töhfələr verib: “ Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Zərifə Əliyeva dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektrotexnika sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”

K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu diqqət mərkəzinə çəkərək deyib: “Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Bütün elmi nailiyyətlərinə baxmayaraq, Zərifə xanım Əliyeva ilk növbədə məhz bir qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi bütün qadınlarımız üçün əsil nümunə olub. Zərifə xanım ailədə hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub. Ölkə Prezidenti cənab İlham Əliyev isə, Zərifə xanım haqqında xatirələrinin birində belə demişdir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.” Zərifə xanım Əliyevanın əziz xatirəsi təkcə onun ailə üzvlərinin deyil, həm də bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır” .


Geri dön