Ana Sayfa > Siyasət > Ürəklərdə yaşayan insan
Ürəklərdə yaşayan insan9-04-2024, 11:16. Yazar: sevinc1 |
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb emlinin parlaq səhifəsidir. Müdriklərin fikrinə görə, insanın yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə ¬xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı idealarla doğru istiqamətləndirmişdir.” İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyət yararlanır. Zərifə xanım da həyat uğurlarına məhz bu keyfiyyətləri sayəsində nail olmuşdu. O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil illərində özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı, sadəliyi və insanpərvərliyi ilə tələbələr arasında dərin hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Akademik Zərifə Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmiş, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər bu gün də Azərbaycan tibb elminin parlaq səhifələridir. Ulu Öndər Heydər Əliyev demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmiş, 1994-cü ildə n cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuş Zərifə xanım Əliyeva qədirbilən xalqımızın yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi yaşayır və yaşayacaqdır. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |