Ana Sayfa > Siyasət / Özəl > Xalqa və elmə həsr olunmuş ömür
Xalqa və elmə həsr olunmuş ömür8-04-2024, 17:55. Yazar: sevinc1 |
Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açıb. Bir müddət sonra ailəsi ilə birlikdə Bakıya köçüb. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin il Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik təkmilləşmə kursu keçib. 1949-cu ildə göz xəstəlikləri üzrə təkmilləşmə kursunu müvəffəqiyyətlə başa çatdıran Zərifə xanım Əliyeva vətənə dönüb, 1950-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olub və burada elmi işçi vəzifəsinə qəbul edilibdir. Görkəmli oftalmoloq Zərifə xanım Əliyeva həmin illərdə Azərbaycanda çox geniş yayılmış traxoma xəstəliyi ilə bağlı dərin tədqiqatlara başlayıb və özünün tərtib etdiyi mütərəqqi müalicə üsullarını uğurla həyata keçirib. 1960-cı ildə gənc alim “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilib, 1963-cü ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə böyük elmi işçi adını təsdiq edibdir. 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparıb, qlaukoma xəstəliyinin öyrənilməsi ilə əlaqədar geniş elmi axtarışlara başlayıb. Görkəmli akademikin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də gözün yod və şin sənayesinin zərərli təsirlərindən zədələnməsinin öyrənilməsi olubdur. Zərifə Əliyeva dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində - Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmaqla elmi axtarışlar aparıbdır. Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapıbdır. Aparılmış fundamental elmi işlərin nəticələri isə dəyərli alimin 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edibdir. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülübdür. O, belə yüksək mükafata layiq görülən ilk qadın olubdur. 1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcılıq axtarışlarının əsası da məhz Zərifə xanım Əliyeva tərəfindən qoyulubdur. Böyük alimin təşəbbüsü ilə 1977-ci ildə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin ilk dəfə olaraq Ümumittifaq miqyaslı plenumu keçirilibdir. Bununla da Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Görkəmli alim Zərifə Əliyeva 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilibdir. O, həm də Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk qadın oftalmoloqdur. Həmçinin Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Görkəmli alimin nümunəvi həkim-xəstə münasibətləri mövzusuna dair baxışları “Yüksək etimad”, “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında, özünün mənəvi zənginliyi, vəzifə borcu, tibbi etika və deontologiyaya dair elmi mülahizələri “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində dolğun əksini tapıbdır. Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost, təvazökar insan olmuşdur. Zərifə xanım çox sədaqətli həyat yoldaşı idi. Ümumilli liderimizin xalqı üçün gördüyü bütün işlərdə, bir yaxşı ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyevanın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi var idi. Zərifə xanım ümummili lider Heydər Əliyevin həyat yoldaşı, sirdaşı, ölkəmizə İlham Əliyev kimi rəhbər bəxş etmiş görkəmli oftalmoloq alim, mənalı və zəngin həyat yolu keçən bir ziyalı xanım olub. Zərifə xanım Əliyeva ailəsinə bağlı, ailəsi və uşaqlarını sevən analardan biri kimi - həyatını ailəsinin və xalqının sağlamlığına, saflığına həsr edib. Zərifə xanım Əliyeva az ömür yaşasa da, xoşbəxt insan idi. Ona görə xosbəxt idi ki, həm böyük alim, həm də xoşbəxt ana, sədaqətli həyat yoldaşı idi. Ulu Öndər Heydər Əliyev öz xatirələrində Zərifə xanım haqqında belə demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib” Zərifə xanım Əliyeva gözəl təşkilatçı, ictimaiyyətçi olmaqla yanaşı, həm də əsl Azərbaycan qadınının rəmzi idi. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. O, xalqımızın qəlbində nəinki alim kimi, həm də əsl Azərbaycan qadını kimi dərin iz buraxıb. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Geri dön |