Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşanır
Anar Nəbiyev: Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşanır6-04-2024, 10:36. Yazar: sevinc1 |
İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynayır. Azərbaycan daim ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət göstərir. Qarşılıqlı səfərlər əsasında gündəmə gətirilən hər bir məsələ tərəflərin imkanlarının, malik olduqları təcrübənin nümayişində öz sözünü deyir. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycanda rəsmi səfərdə oldu. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev bildirdi ki, həm təkbətək, həm də heyətlərin iştirakı ilə geniş tərkibdə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. Cənab İlham Əliyev Bakının təşəbbüslərinə Konqonun hər zaman dəstək verdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu dəstəklərin fonunda qurumun institusional inkişafının təmin edilməsinə diqqəti yönəltdi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələlərinin də dayandığını vurğulayan cənab İlham Əliyev ölkəmizin xarici siyasətində bu sahənin xüsusi önəm daşıdığını diqqətə çatdırdı: “Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.” Reallıq budur ki, həm tarixi, həm də masir dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Cənab İlham Əliyev mətbuata bəyanatında bu faktı da xüsusi qeyd etdi ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar, biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi. Bu gün diqqətdə olan əsas məsələlərdən biri Azərbaycanın noyabr ayında mühüm beynəlxalq tədbirə- COP29-a ev sahibliyi etməsidir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 konfransına dəvət edən İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini vurğuladı. Deni Sassu-Nqesso Azərbaycanla Konqo arasında əlaqələrdə tarixi anlar yaşandığını bildirərək onu da əlavə etdi ki, ünvanladığı bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Konqonun istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə Azərbaycanla birlikdə mübarizə aparacağına əminlik də ifadə olundu. Konqo Prezidenti ölkəmizin iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu, eləcə də Bakının COP29-a yüksək səviyyədə davam edən hazırlıq işlərini də alqışladığını bildirdi: “ Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun. Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi - Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik. Ondan sammitin nəticələrini nəzərə almasını ancaq xahiş edə bilərik, çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək.” Nəzərə alaq ki, ilk dəfə idi Konqo Prezidenti Azərbaycana səfər edirdi. Deni Sassu-Nqesso “Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi” fikirləri ilə ölkəmizlə bağlı təəssüratlarını bölüşdü. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |