Ana Sayfa > Siyasət > Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır
Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır6-04-2024, 09:54. Yazar: sevinc1 |
Son otuz ildə Azərbaycanın xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ölkəmizin ərazi bütövlüyünün bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. Bildiyimiz kimi, Konqo Demokratik Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Leonard Şe Okitunda 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər. Konqo Demokratik Respublikası Sahara bölgəsində ən yüksək artım templərindən birinə malik ikinci ən böyük ölkə və ən çox əhalisi olan üçüncü ölkədir. Ölkənin istifadə olunmamış mineral və metal ehtiyatları təqribən 24 trilyon dollar dəyərində qiymətləndirilir. Bundan başqa, Konqo Afrika qitəsinin bütün meşə örtüyünün 50 faizini təşkil edir. Onun hidroelektrik potensialı bütün Afrikanı enerji ilə təmin etmək üçün kifayətdir. Elektronikada, maqnit avadanlıqlarında və reaktiv mühərriklərdə geniş istifadə olunan kobalt ehtiyatlarının 80 faizi məhz Konqodadır. Prezident İlham Əliyev bəyanatla çıxışında neomüstəmləkəçilik siyasətinə toxunaraq qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durur. Cənab Prezident Azərbaycanda Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladaraq diqqətə çatdırdı ki, bu gün dünya miqyasında böyük hörmətə malik olan bu qurumun nəticələri göz qabağındadır. Bəli, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib. Azərbaycan lideri iqtisadi əlaqələrin perspektivindən də danışaraq ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək. Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək. Sehranə Rzayeva Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi. Əməkdar müəllim Geri dön |