Ana Sayfa > Özəl > Cənab Prezident İlham Əliyevin hər bir çıxışı öyrənilməlidir
Cənab Prezident İlham Əliyevin hər bir çıxışı öyrənilməlidir5-04-2024, 11:11. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Konqo Prezidenti Denu Sassu-Nqesson ilə mətbuata birgə bəyanatlarında bildirdi ki, biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev son 20 ildən artıq dövrün reallıqlarından geniş bəhs edərkən bildirir ki, siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yarandı. Həmçinin iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi, siyasi cəhətdən asılı deyilik: «Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.» Cənab İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Ölkəmizdə sabitliyin, davamı inkişafın əsas təminatçısı xalq-iqtidar birliyidir. Dövlətin həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Dövlətimizin siyasətinin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Dövlət başçısı İlham Əliyev bildirir ki, ona görə də xalq tərəfindən göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində stimulverici amildir. Uğurlu xarici siyasət aparmaqla özümüzü mümkün olan xarici risklərdən qoruyur və buna nail oluruq. Bu mühüm məqamı da qeyd etməliyik ki, dövlətimizin xarici siyasəti milli maraqlar üzərində qurulub. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə işgüzar, bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmamaq şərti ilə münasibətlər qurulur və uğurla inkişaf etdirilir. Azərbaycanın qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsinə geniş imkanlar yaranır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bam bərpa olunması Azərbaycanın hər bir sahədə malik olduğu imkanların təqdimatı oldu. Əsas faktor dövlətimizin siyasətində ədalət və beynəlxalq hüququn öndə dayanmasıdır. 30 ilik işğal dövründə Azərbaycana nə qədər təzyiqlər göstərildi. Dünyanın ikili standartlara əsaslanan siyasətinin nəticəsi olaraq həqiqətlərimiz təhrif edildi, qərəzli kampaniyalar aparıldı. Bu gün də Ermənistan və ona havadarlıq edən dövlətlər eyni vəziyyəti davam etdirirlər. Azərbaycanın bugünkü reallıqları, dünyada cərəyan edən proseslər bütün məqamlara işıq salır. Dövlət başçısı İlham Əliyevin ötən ay Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundakı çıxışında qeyd etdiyi kimi, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Dünyanın xarici siyasət gündəliyinin Azərbaycanda müzakirə olunması ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. İlk olaraq Azərbaycan sabitlik diyarıdır. Ölkəmizin əməkdaşlıq məkanı, sabitlik diyarı kimi nüfuz qazanması təqdir edilən mühüm uğurlarımız sırasındadır. Cənab İlham Əliyev hazırkı dövrün reallıqlarından, ərazi bütövlüyümüzün və suverenliyimzin tam bərpa olunmasından bəhs edərkən onu da qeyd edir ki, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, bəzən eşidirik hansısa ölkələr, yaxuddaki ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz: «Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil.» Cənab İlham Əliyev onu da bildirmişdir ki, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hər bir çıxışında, bu və ya digər ölkələrə, eyni zamanda, başqa ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərində malik olduğumuz bərpaolunan enerji resurslarından, Azərbaycanın COP29-a ev sahibliyindən geniş bəhs edilir. Bu tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasına əlavə imkanlar yaradacaq. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Ölkəmizin son 20 ildə qazandığı sosial-iqtisadi göstəricilərə diqqət yetirək. Bu müddətdə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. İkitərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində iqtisadi amil əsasdır. Cənab Prezidnt İlham Əliyev öncə Azərbaycanın iqtisadi potensialından bəhs edərək əlaqələrin inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırır. Aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Prezidenti Denu Sassu-Nqesson ilə cənab İlham Əliyevin keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar xüsusi olaraq diqqətə çatdırıldı. Səfər çərçivəsində 4 mühüm sənəd imzalandı ki, bunlardan biri prezidentlərin iştirakı ilə imzalanan «Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə»dir. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq: «Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.» Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |