Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Biz özümüz ədaləti bərpa etdik
Anar Nəbiyev: Biz özümüz ədaləti bərpa etdik28-03-2024, 10:14. Yazar: sevinc1 |
“Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.” Artıq dördüncü dəfə Qarabağ torpağında Novruz tonqalını alovlandıran dövlət başçısı İlham Əliyev martın 18-də Xankəndi şəhərindən xalqımızı bayram münasibətilə təbrik edərək bir daha Azərbaycanın tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına gedən yola diqqəti yönəltdi. Bildirdi ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qurur, yaradır və bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır və bu il bu proses davam edir. Ölkəmiz 30 illik işğal dövründə məsələnin daim sülh danışıqları əsasında çözülməsinə çalışdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi Azərbaycan ədalətin zəfər çalacağına inanırdı. Ölkəmizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində qazandığımız diplomatik uğurlar Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. Ermənistanın 30 ilə yaxın dövrdə törətdiyi təxribatlar, son olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək, dünya güclərinin bu illər ərzində edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini nümayiş etdirdi. Ötən ilin 19 sentyabr tarixində başlanan lokal antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması da yenilməz Ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Cənab İlham Əliyev qeyd etdi ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz idi. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu və İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər: “Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.” Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini etməklə regionda dayanıqlı sülhün təmin edilməsinə, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərdi. Ermənistan isə havadarlarının dəstəyi ilə sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayındı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmadı, öz qanunsuz silahlı birləşmələrini torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa, ən əsası Azərbaycan xalqının iradəsinə zidd idi. “Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var» söyləyən Prezident İlham Əliyev vurğuladı ki, əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik: «Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.” Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda bərpa-quruculuq işləri Xankəndi şəhərində də geniş vüsət alıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Novruz təbrikində qeyd etdiyi kimi, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |