Ana Sayfa > Özəl > Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür

Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür


27-03-2024, 13:31. Yazar: sevinc1
Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. NATO ilə aparılan dialoq bu gün də uğurla davam edir. Ötən dövrlərə nəzər salsaq görərik ki, Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.

17 mart tarixi NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanat verdilər.Prezident İlham Əliyev bildirdi ki, NATO ilə aparılan dialoq uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.Ölkə başçısı qeyd etdi ki, ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edilib.Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.

Azərbaycan Prezidentinin bəzi beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun işğal dövründə danışıqların heç bir nəticə vermədiyi barədə fikirlərini də diqqətə çatdırıb.Dövlətimizin başçısı deyib ki, sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev hazırda bu quruma üzv olan ölkələrin qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşları olduğunu bildirdi. Vurğuladı ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışladığını və Azərbaycanın qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni, elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnun qaldığını bildirdi.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı


Geri dön