Ana Sayfa > Özəl / Siyasət > Fransanın pozucu siyasəti regional sülhə təhdiddir

Fransanın pozucu siyasəti regional sülhə təhdiddir


23-03-2024, 12:24. Yazar: sevinc1
Fransanın pozucu siyasəti regional sülhə təhdiddir

Bu, biqeyrətlikdir, binamusluqdur
Planetimizin müxtəlif yerlərində indiyədək bir sıra xalqları əsarət altında saxlamaqla, onların müstəqilliklərini boğmaqla, soyqırımları törətməklə, sərvətlərini talamaqla məşğul olan Fransa Cənubi Qafqazda da bu niyyətini gerçəkləşdirmək üçün dəridən-qabıqdan çıxır. Hətta bu məqsədlə bölgədə Ermənistanın əli ilə yeni müharibə ocağı qalamağa, təcavüzkar ölkəni Azərbaycana qarşı qaldırmağa, bir sözlə, regionu xaosa sürükləməyə cəhdlər edir. Fransanın Ermənistana böyük miqdarda silahlar verməsinin, Hindistan, Yunanıstan kimi dövlətləri öz ardınca aparmasının, onlarla birgə hərbi ittifaq yaratmağa çalışmasının bu missiyaya xidmət etdiyi şəksizdir.
Fransanın regionda yürütdüyü si¬yasəti, həmçinin ölkəmizə qarşı həyata keçirdiyi qərəzli münasibəti təkcə azərbay¬canlı siyasi ekspertlər, ictimai-siyasi xadimlər deyil, dünyanın bir sıra dövlətlərinin siyasətçiləri də pisləyirlər. Çünki Fransanın belə davranışı beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir.
Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda Bakıda keçirilən XI Qlobal Bakı Forumunda bu kimi məsələlərdən söz açarkən bütün bunların ikili standartlardan qaynaqlandığını bildirib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Dövlət başçımız belə bir müqayisə də aparıb: ”Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır”. Bəli, Fransa həqiqətən müstəqilliyini bərpa etmiş və suverenliyinə qovuşmuş ölkəmizə qarşı cəza mexanizmini var gücü ilə işə salıb. Bütün bu olayların arxasında Fransa Prezidenti Emmanuel Makron dayanır.
Şübhəsiz, bunlar Azərbaycanın 44 günlük müharibədə və lokal antiterror əməliyyatlarında əldə etdiyi uğurları Fransanın həzm edə bilməməsindən irəli gəlib. 30 ildən çox davam edən münaqişənin bitməsi Ermənistanın birinci havadarı sayılan Fransanı, xüsusilə Makronu əməlli-başlı qıcıqlandırıb. Son illər Azərbaycanın təşəbbüsü ilə start verilən və artıq dünya miqyasına çıxarılan “Neomüstəmləkəçi¬liyə qarşı mübarizə” hərəkatı isə Makronun başını tamamilə itirməsinə gətirib çıxarıb. Halbuki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Hətta Makron Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu da göndərib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub. Elə İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası çərçivəsində sözügedən ölkədə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəli də ucaldılmışdı. Amma həmin heykəl də Makronun qəzəbinə tuş gəlib. Belə ki, abidə qırmızı rəngə boyanıb, həmçinin zədələnib. XI Qlobal Bakı Forumunda bu vandalizm aktından söz açan Prezident İlham Əliyev Fransanın həmin addımını belə dəyərləndirib: “Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı: “Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”. Bu yerdə “Axırıncı aşırım” filmindəki bir epizodu xatırlamamaq olmur. Gecə yarı Səmədin evində İmanın arvadını axtaran Qəmlonun gözlənilmədən rast gəldiyi Abbasqulu bəy ona deyir: “Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar. Bu biqeyrətlikdir, binamusluqdur”. Amma Makron anlamalıdır ki, bu kimi hərəkətləri ilə o, Azərbaycanı heç zaman haqq yolundan döndərə bilməyəcək.
Yeri gəlmişkən, qeyd edək ki, dünyaya özünü lider kimi sırımaq istəyən və bu niyyəti gözündə qalan Makronun sözü ilə əməli bir-birinə uyğun gəlmir. Məsələn, Makron Ukraynaya yardım vəd etdi, amma heç bir konkret addım atmadı. Ukraynaya səfər edəcəyini bildirdi. Amma yardım vədinin arxasın¬dan sakitcə qaçan Makron Ukraynaya səfərini üçüncü dəfə 3-cü dəfə təxirə saldı. Bəli, cəsarəti, prinsipiallığı, qətiyyəti olmayan Makron qlobal miqyaslı yalançı, siyasi fitnəkardır. Emmanuel Makronun bu xüsusiyyətləri digər ölkələrin siyasi xadimləri tərəfindən də dilə gətirilir. Məsələn, Fransada "Vətənpərvərlər Partiyası"nın lideri Florian Filippo ölkə Prezidenti Emmanuel Makronun qorxaqlığına belə reaksiya verib: “Heç bir siyasi lider öz qorxusunu indiyədək belə nümayiş etdirməyib".
Şübhəsiz, bu onun öz imkanlarını düzgün qiymətləndirə bilməməsinin, qətiyyətsizliyinin, həm də qorxaqlığının göstəricisidir. Belə bir adamın “başbilən”lik sevdasına düşməsi isə olduqca gülüncdür. Onu da qeyd edək ki, Fransa Ukrayna mühari¬bəsinin davam etdirilməsinin tərəfdarıdır. Hətta o, fevralın sonunda deyib ki, Qərb ordusunun Ukraynaya göndərilməsi mümkündür. Almaniya rəsmiləri, o cümlədən O.Şolts isə bu fikirlərə görə rəsmi Parisi tənqid edib. Bildirilib ki, Almaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. Bəzi dövlətlər isə atəşkəs əldə olun¬masının və qarşılıqlı razılaşmanın tərəf¬darı olduqlarını vurğulayıblar. Məsələn, Ukrayna Prezidenti Vladimir Ze¬lenski martın 8-də Türkiyədə olarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin sülh danışıqlarının davam etdirilməsi üçün platforma təqdim edə bilməsini vurğulayıb. Ancaq qeyd etdiyimiz kimi, Makron silahlanma, hətta fransız ordusunun Ukraynaya yeridilərək, Rusiya ilə qarşı-qarşıya gəlməsi təkliflə¬rini irəli sürür.
Həqiqətən də Makron kimisinin Qərb siyasətində, necə deyərlər, at oynatması bu coğrafi məkanda ciddi lider böhranının olduğunu nümayiş etdirir. Ona görə də Qərbin bir çox dairələri müstəqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin mənafelərni qorumağı və yeni reallıqlar yaratmağı bacaran cənab İlham Əliyev kimi liderlərə qısqanclıqla yanaşır, onları isə qəbul etmək istəmirlər.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön