Ana Sayfa > Siyasət > Bahəddin Leysanov: “Prezident İlham Əliyevin xalqa arxalanma siyasəti Azərbaycanda ümumxalq birliyini ən yüksək zirvəyə çatdırmışdır”
Bahəddin Leysanov: “Prezident İlham Əliyevin xalqa arxalanma siyasəti Azərbaycanda ümumxalq birliyini ən yüksək zirvəyə çatdırmışdır”19-03-2024, 11:00. Yazar: sevinc1 |
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğu və müxtəlif ictimai vəzifələrdə çalışan bir qrup şəxs “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Bu mükafata layiq olanların sırasında tanınmış iş adamı Bahəddin Leysanov da yer almışdır. Bu münasibətlə saytımıza müsahibə verən Bahəddin müəllim bildirmişdir ki, Prezident İlham Əliyevin ölkəmizin və xalqımızın rifahı naminə göstərdiyi misilsiz fəaliyyətə dəstək vermək tutduğu vəzifəsindən, çalışdığı sahədən asılı olmayaraq hər bir azərbaycanlının şərəf borcudur: “Müdrik Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Həmin gündən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı inamla inkişafa doğru aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, pandemiyanın yaratdığı çətinliklərə, eləcə də beynəlxalq təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini ən yüksək həddə çatdırmışdır. Özünün çoxşaxəli fəaliyyəti sayəsində cənab Prezident İlham Əliyev ölkənin siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Qeyd etmək lazımdır ki, məhz milli qürur və ləyaqət məfhumları Azərbaycanın son illər ərzində əldə etdiyi möhtəşəm uğurların, parlaq qələbələrin əsasında durdu. Eyni zamanda da cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizi qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı.” Daha sonra Bahəddin Leysanov Azərbaycanın əldə etdiyi ən böyük uğur və nailiyyətlərin zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin bərpa olunması faktının durduğunu deyib: “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına tarixi Qələbəni bəxş edərək müzəffər Orduya çevrildi. Əlbəttə ki, bu Zəfərimiz uzun illərin gərgin səyləri nəticəsində əldə edilmişdir və Ölkə Prezidenti cənab İlham Əliyevin bu məsələdə hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb etmişdir. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı. Azərbaycan Zəfər yolunda irəliləyişini Heydər Əliyev İlində də davam etdirdi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bundan beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. 2023-cü il 15 oktyabr tarixində isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu. Əlbəttə ki, dövlət başçımızın bu misilsiz və möhtəşəm fəaliyyəti, hər birimizə, bütün xalqa bəxş etdiyi parlaq tarixi qələbələrin qarşılığında öz vətənini, xalqını sevən hər bir azərbaycanlının şərəf borcu çalışdığı sahədə cənab Prezidentin gördüyü işlərə, dövlət başçımızın xarici və daxili siyasətinin reallaşdırılmasına bacardığı qədər dəstək olmaqdır. Əgər bizim gördüyümüz kiçik işlər möhtərəm dövlət başçımız tərəfindən bu qədər yüksək qiymətləndirilirsə, bu, yalnız cənab Prezident İlham Əliyevin inkişaf strategiyasının əsasında ilk növbədə vətəndaş amilinin durduğundan xəbər verir. Əlbəttə ki, Ulu Öndərimizin adı ilə bağlı olan bu mükafat mənim üçün ən yüksək dəyərə malikdir və mən, bu təltifə layiq görüldüyümə görə möhtərəm dövlət başçımıza sonsuz minnətdarlığımı bildirmək istəyirəm” – deyə, Bahəddin Leysanov müsahibəsini sona çatdırıb. Öz növbəmizdə, aia.az saytının redaksiya heyəti olaraq, biz də tanınmış iş adamı Bahəddin Leysanovu bu ali mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli Bahəddin müəllimə bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik! Geri dön |