Ana Sayfa > Manşet / Siyasət > Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə

Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə


20-03-2024, 14:11. Yazar: sevinc1
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə

O, fərqli bir düşüncə və əxlaq sahibidir. Dostluqda etibarlı, etdiyi xeyirxahlıqda təmənnasızdır. O həm də müəllifi olduğu mahnılarla hamının sevimlisinə çevrilib. Təbiəti çox sevir və adındakı “Novruz” kəlməsi də elə dünyaya gəldiyi 22 mart günü ilə - ən böyük təbiət bayramımız olan Novruzla əlaqəlidir.

Beləliklə, 1001info.az Milli məclisin deputatı, AzQAC-ın prezidenti Novruz Aslanov ilə müsahibəni təqdim edir.



Kəmalə Mirzəyeva: -Novruz müəllim, Siz Qızıl Aypara Cəmiyyətinin prezidentisiniz, fəal millət vəkilisiniz və çox böyük populyarlıq qazanan mahnıların müəllifisiniz. Maraqlıdır, bunların hamısı Sizə eyni dərəcədə doğmadırmı? Yoxsa arada özünüz- özünüzlə qalanda bir ayrı-seçkilik edirsiniz?

Novruz Aslanov: -Təşəkkür edirəm. Təbii ki, bütün yazdığım əsərlər, o cümlədən mahnılar mənim üçün çox doğmadır. Məncə, yaradıcılıqla məşğul olan hər bir insan mənimlə razılaşar ki, onun yaratdığı nə varsa, istər şeir, istər musiqi olsun, onun üçün çox doğmadır və əzizdir. Bu, bir növ, övladlarımıza olan münasibətə bənzəyir. Sən övladların arasında heç vaxt seçim etmirsən və onlardan hansısa biri sənin ehtimadını doğrultmadıqda və yaxud gələcəklə bağlı planlarına uyğun gəlmədikdə, təbii ki, səbəbləri özündə axtarmalı olursan. Mən də yaradıcılığımda hansısa çatışmazlıqları görəndə, ilk növbədə, bu səbəbləri özümdə axtarıram. Və qeyd etmək istəyirəm ki, özümə qarşı çox tənqidi yanaşıram. Həyat tərzim də belədir. Hər bir işimdə özümü mühakimə edirəm, təhlillər aparıram ki, harda nəyi düz və yaxud düz etmədim. Əlbəttə ki, özüm-özümlə danışaraq, mübahisə edərək... Bu proses, mənə elə gəlir ki, normal bir prosesdir. Bəziləri qıraqdan baxıb başqa cür də fikirləşə bilərlər. Mən onlara da haqq qazandırıram, fikirləşirlər ki, sən niyə onlar kimi deyilsən? Əslində, hər bir insan ayrılıqda bir fərddir,bənzərsizdir. O, həyata bir dəfə gəlir, onun öz qisməti, öz həyatı var və öz həyatını da, öz taleyini də özü qurur, özü müəyyənləşdirir. Yaradan qüvvələr də bu işdə ona yardımçı və köməkçi olurlar. Özümə gəldikdə isə, bəzi müsahibələrimdə də qeyd eləmişəm ki, mənim əvvəllər yaratdığım elə musiqi əsərləri və mahnılar var ki, bu gün onları yenidən yazası olsaydım, tamam ayrı cür yazardım, daha güclü, daha təsirli edərdim. Bu da, təbii ki, əldə etdiyin təcrübəyə bağlı bir məsələdir. Məlumdur ki, ilk addımlarınla sonrakı yerişin, duruşun və qaçışın arasında fərq böyük olacaq. Yəni bu, balaca bir uşağın ayağa durub yeriməsinə bənzəyir - addımları gah əyri, gah düz olur, gah yeriyir, gah yıxılır... Yaradıcılıq da bu cürdür. Mənə elə gəlir ki, vaxt, zaman keçdikcə sən qıraqdan baxıb həm qələminə, həm fikirlərinə daha çox tənqidi yanaşırsan və beləliklə, daha çox kamilləşirsən.



Kəmalə Mirzəyeva: -İllər öncə daha çox məhəbbət mövzusunda mahnılarınızı eşidirdik. Xüsusilə yada salmaq istərdim: “Səni sevmək üçün gəldim dünyaya”, “Unuda bilməzsən”, “Yaşın nə fərqi var”, “Qaragilə”... Bu mahnılar səslənən kimi dillər əzbəri oldu. Yəni bu gün də o mahnılar yaşıdlarımız arasında, demək olar ki, eyni həvəslə, duyğuyla dinlənilir. O dövrün dinləyicisi ilə bugünkü arasında fərqləri necə hiss edirsiniz?

Novruz Aslanov: - Çox yaxşı sualdır. Qeyd etmək istəyirəm ki, sevgi, məhəbbət əbədi bir mövzudur. Insanlıq var olduqca bu mövzu olub, bundan sonra da olacaq və şairlər, yazıçılar daima ilhamlanaraq bunu qələmə alacaqlar. O ki qaldı Sizin o dediklərinizə ki, keçmişdə bu əsərlər dinləyicilər tərəfindən daha yaxşı qəbul olunurdu, dinlənilirdi, efirlərdə tez-tez gedirdi, tamamilə haqlısınız. Bilirsiniz, nəyi demək istərdim. Mənə elə gəlir ki, bu gün cəmiyyətdə hansısa düzgün olmayan proseslər gedir. Bunun bəzisi bizdən, cəmiyyətən asılıdırsa, bir qismi nə bizdən, nə də cəmiyyətdən asılıdır. Sanki ümumi bir axındır, ümumi bir seldir. Buna qlobalizasiya deyirlər. Və o selin, o axının qarşısında, demək olar ki, hər şey batıb gedir –mədəniyyət anlayışı dəyişir, zövqlər korlanır, əxlaqda da müəyyən çatlar yaranır, insanlar arasındakı münasibətlər də tam pozulur. Mən Sizə bir misal çəkim: bu gün sosial şəbəkələr, sözün əsl mənasında, hər birimiz üzərində hökmranlıq eləyir. Bir yandan baxanda çox lazımlı bir şeydir. Açığı çox vaxt tıxacda dayanarkən vaxtımın boşa getməməsi üçün xeyli iş görürəm -yazıları yerləşdirirəm, sayta baxıram, orda müəyyən göstərişlər, təlimatlar verirəm, dəyişikliklər edirəm... Yəni vaxtım boşa getmir. Amma başqa bir tərəfdən baxanda əksini də görürürsən. Bir dostum var, keçmişdə müdirim olub. İndi də çox yaxın münasibətlərimiz var. Yazıram ona: “Salam.” Yazır: “Əleyküm- salam.” Yazıram: “Bayramın mübarək.” O da mənə yazır: “Bayramın mübarək.” Yəni görünən budur ki, hər şey normaldır. Ardınca zəng elədim ki, səsini eşidim. Soruşuram: “ Qardaş, nə var, nə yox? Necəsən?” Deyir: “Qanım qaradır, bacım rəhmətə gedib.” Soruşuram: “Nə vaxt rəhmətə gedib?” Deyir ki, 1 həftədir. Deyirəm: “Ay əzizim, axı səninlə bu müddət ərzində hər gün danışmışıq, hər gün yazışmışıq...” Deyir: “Sən mənə yazırsan: “Sabahın xeyir” . Mən də sənə yazıram. Yazırsan: “Bayramın mübarək”. Mən də cavab verirəm ki, bayramın mübarək. Mən durub sənə orda yazmayacağam ki, bilirsən, bacım rəhmətə gedib...” Gördüyünüz kimi, bəlkə də sosial şəbəkə ünsiyyət üçün yaxşı bir vasitədir. Amma mükəmməl deyil. Doğrudur, bu gün ən azı yazaraq bildim ki, o adam sağdır, salamatdır, dünyasını dəyişməyib. Amma hansı haldadır –məlum deyil? Bilə bilmirsən ki, sən ona yazdığın anda o hansı dərdin içindədir, yas məclisindədir?.. Yəni bir mənalı olaraq canlı ünsiyyət, əlaqə çox vacibdir. Yaradıcılıq da belə bir şeydir, ona da bir motivasiya lazımdır. O da diqqət tələb edir. O vaxt yazmağa, yaratmağa can atırsan ki, sən özünü lazımlı hiss edirsən, yəni hiss edirsən, görürsən ki, səni oxuyurlar, səni dinləyirlər. Əksi də olur: Bir də görürsən ki, səni nə oxuyan var, nə dinləyən... Efirdə də sənə yer vermirlər. Fikirlərin qarışır, düşünürsən ki, yəqin cəmiyyətdə sənin yazdıqlarına tələbat yoxdur... Gəlin baçqa bir tərəfdən də baxaq: Bu gün bizim musiqi nə üzərində qurulub ? Diqqət yetirsəniz, görəcəksiz orda fkir, düşüncə yoxdur. Bildiyiniz kimi, hər mahnının kupleti və nəqarəti olur. Hər bir kupletdə də yeni bir fikir olmalıdır. Birinci kupletdə bir fikir söylənilir, nəqarət təkrarlana bilər. Bu. mümkündür, lazımdır, belə də olmalıdır. İkinci kupletdə isə ayrı fikir getməlidir. Amma bu gün nə baş verir? Birinici kuplet eyni söz və nəqarət, ikinci kuplet həmin birinci kupletin təkrarı və nəqarət... “Səbəb” də çox sadədir: müğənnilər oxuduqlarını yadda saxlaya bilmirlər. Ona görə təkrarlanma olur. Birincisi, bu, normal hadisə deyil. İkincisi, deyirlər ki, musiqi asan olmalıdır. Əksinə, belə olmamalıdır. Musiqi düşündürməlidir. Əgər mənim musiqim bu gün kimisə düşündürmürsə, deməli, mən heç nə etməmişəm. O ritmlərdən ki bu gün bəzi bəstəkarlar istifadə edirlər, texniki elementlərdir. Onlar çox vaxt komputer qrafikasından və yaxud komputerdəki bir sıra musiqi yazma proqramlarından istifadə edərək “musiqi” yaradırlar. Onu mən də “yarada” bilərəm. Özü də onlardan yüz dəfə yaxşı “yarada” bilərəm. Amma o, populizmdir. Düzgün deyil, zövqlərin korlanmasıdır. Mən hesab edirəm ki, insan musiqiyə qulaq asanda düşünməlidir. O musiqi onu harasa aparmalıdır, onun əhval-ruhiyyəsinə təsir etməlidir. Qarabağ müharibəsi vaxtı vətənpərvərlik mövzusunda aparılan təbliğat işlərini olduqca yüksək qiymətləndirirəm. Bu 44 gündə, həqiqətən, televiziyalarımız, mətbuatımız, ümumən, bizim mediamız əvəzsiz işlər gördü. Bütün mahnılar, şeirlər də vətənpərvərlik, müharibə mövzusunda idi. Bu, çox unikal bir hadisə idi. Mən bunula fəxr edirəm. Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər və cəmiyyətin ona verdiyi dəstək, bir vətəndaş kimi, məni də olduqca qürurlandırdı. Hesab edirəm ki, biz bütün dünyaya bir nümunə göstərdik. Mən bu gün adlarını çəkmək istəmirəm, bəzi ölkələrdə hələ də müharibə gedir və gündə ən azı 200-300 nəfər ölür və orda hər gün çal-çağırdır, konsertdir. .. Yəni bu, normal hal deyil. Amma bizdə 44 gün ərzində bir müğənni belə konsert vermədi, bir şən musiqi eşitmədik, biz görmədik ki, kimsə toy eləsin. Yəni cəmiyyət o qədər birləşib bütövləşdi ki... Həmin vaxt fəhləmiz də, nazirimiz də bir olmağı bacardı, bacardıq. Ona görə Cənab Prezidentin apardığı uğurlu siyasət belə parlaq bir qələbə ilə nəticələndi.

Kəmalə Mirzəyeva: -Müharibədən söhbət açdınız... Bu məqamda mən də bir faktı xatırlatmaq istəyirəm: Həmin günlərdə döyüşlərə yollanmaq üçün müraciət edən millət vəkilləri arasında Siz də vardınız.

Novruz Aslanov: - Qeyd etmək istəyirəm ki, bu, bir vətəndaşlıq borcu, bir vətəndaşlıq mövqeyi idi. Hətta bir nazir müavini tanıyıram ki, tanımasınlar deyə idman forması geyinib hərbi komissarlığa gəlmişdi ki, onu qeydiyyata alsınlar. Hazırda o, nazir müavini deyil, icra başçısıdır. Yəni demək istəyirəm ki, belə hallar çox idi. Vətənin çağırışına hər kəs cavab verməlidir. Hər kəs öz sahəsində lazımi addımları atmalıdır. Özümlə bağlı isə heç danışmaq istəmirəm. Çünki bu, normal bir haldır.



Kəmalə Mirzəyeva: -Novruz müəllim, tanınmış şair- yazıçı Davud Aslanın ocağında dünyaya gəlsəniz də, nədənsə şeir yazdığınızı eşitmədik... Şair Davud Aslanın bu yolunu, ənənəsini yaşatmaq üçün heç cəhd etdinizmi ?

Novruz Aslanov: -Yox, qətiyyən. Heç bir şeirim yoxdur. Olmayıb da. Ənənəni isə qızım davam etdirir - Gülnur Aslan. Artıq 5 kitab müəllifidir. Yaxşı romanları, şeirləri var. Mənim yadımdadır ki, onun 14 yaşı olanda rus dilində ilk kitabı çıxdı. İndi də çox yaxşı romanlar üzərində çalışır. Maraqlı düşüncələri, fəlsəfi fikirləri, elmi tədqiqatları, axtarışları var. Qeyd edim ki, onun son əsərlərindən olan “Sarı paltarlı gəlin” kitabı məhz Sarı gəlin mövzusuna həsr olunub. Özü də bu mövzuya çox böyük bədii və elmi bir münasibətlə yanaşıb. Qızım olduğuna görə demirəm, həqiqətən çox maraqlı bir romandır. Hətta Gülnurun sözlərinə bir neçə mahnı da bəstələmişəm. Misal üçün, Heydər Əliyev Fonduna həsr olunan ilk işimiz çox maraqla qarşılandı. Lazım olanda, bəzən “çətin vəziyyət”ə düşəndə deyirəm ki, Gülnur, bir mahnı yazmışam, sən sözləri yerləşdir, gör necə alınır.

Kəmalə Mirzəyeva: -Belə demək olar ki, yaradıcı ruhu ailədə atanız Sizə, Siz də qızınıza ötürmüsünüz.

Novruz Aslanov: -Bəli, elədir. Amma musiqi sahəsində mənim arxamca gələn yoxdur. Hər kəs öz işi ilə məşğuldur.

Kəmalə Mirzəyeva: -Novruz müəllim, insanlar var ki, tənhalıqdan qorxur. Yaradıcı insanlarda isə, bu, bir az fərqlidir. Mənə elə gəlir ki, onlar özləri-özləriynən baş-başa qalanda daha rahat olurlar...

Novruz Aslanov: - Mən çörək yeyəndə də heç vaxt tək olmuram. Qaldı tənhalığa -bu söz çox kədərli səslənir. Nə deyə bilərəm...Təklik o halda gərəkdir ki, özünə qapılmaq,düşünmək istəyirsən. Əgər düşünə bilirsənsə, bu, böyük bir xoşbəxtlikdir, yəni təhlillər aparırsan, keçmişinə baxırsan, gələcəyə boylanırsan. Etiraf edim ki, mənim həyatımda hansısa bir problem yarananda səbəbkarı kənarda axtarmıram. İlk növbədə bunu özümdə görürəm, özümdə axtarıram. Düşünürəm ki, məsələn, mənim bu vəziyyətdə olmağımın səbəbi 5 il əvvəl hansısa məqamda etdiyim haqsızlıqdır ki, indi qarşıma çıxıb. Mən bu səbəbi tapıram, gec də olsa, “düzəldirəm”. “ Qurani -Kərim”də də belə bir fikir var : Yaradanımız Peyğəmbərə müraciətində deyir ki, sizin həyatınızda yaxşı nə varsa, onları mən sizə vermişəm. Amma hansısa çətinliklər varsa, səbəbi özünüzdədir. Mən də həyatımdakı səhvləri özümdə axtarıram. Məsələn, filan vaxtı filankəsin xətrinə dəymişəm və indi də onun əziyyətini çəkirəm. Bəzən görürsən biri xəstələnib gedir həkimə. Müalicə kömək etmədikdə başlayır səbəbini kimdəsə axtarmağa. Bu, düzgün deyil. Vaxtında həkimin məslətinə qulaq assaydın, pəhriz saxlaya bilsəydin, belə problem olmazdı. Bu mənada, təklik, tənhalıq imkan verir ki, daha çox düşünəsən. Amma mən cəmiyyətdən ayrılıb tək yaşayan insanları başa düşmürəm. Biri var ki, cəmiyyətdən uzağa çəkilib cəmiyyət üçün nəsə yaradasan. Bu, ayrı bir şeydir. Allah rəhmət eləsin Musa Yaquba. O, əzəldən kənddə yaşadı. Elə o kənddə də dünyasını dəyişdi. O, ruh adamı idi, təbiət adamı idi. O, şəhərdə yaşasaydı, o cür yarada bilməzdi. Bir də var ki, sən cəmiyyətdən küsüb kənara çəkilirsən, bu, artıq bir acizlik əlamətidir. Mən kitablarımın birində oxucuya belə bir sual verdim: Sizcə, hansı insan daha çox günahkardır -hər gün araq, şərab içən, hər gün öz canına, qanına, ruhuna qəsd edən, amma heç kimə pislik etməyən, yoxsa gündə beş dəfə namaz qılıb özünü mömin göstərməyə çalışan? Əlbəttə, ikisi də günahkardır. Amma daha çox həmin o “dindar” günahkardır. Çünki öz adından, statusundan istifadə edərək o, cəmiyyətə də, insanlara da daha çox ziyan verir.

Kəmalə Mirzəyeva: -Ömər Xəyyamın da bir sözü var. Deyir:
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?..


Novruz Aslanov: -Mən, ümumiyyətlə, içki içən deyiləm. Amma heç bir məclisdə heç kim deyə bilməz ki, mən içki içmirəm. Çünki mən içkisiz də onlardan şən, pozitiv ola bilirəm.

Vətən Müharibəsi zamanı bəzi sənət, incəsənət adamları susdu və prosesləri kənardan seyr etdilər”-NOVRUZ ASLAN – (MÜSAHİBƏ) » Via.az

Kəmalə Mirzəyeva: - İnsani keyfiyyətlərə toxundunuz. Ədalətli, mərhəmətli, vicdanlı olmaq. .. Üumiyyətlə, hər günün sonunda insan olaraq qalmaq çətin deyil?

Novruz Aslanov: -Bu, sənin borcundur –insanlıq borcun. Sən insan olaraq qalmalısan. Harda olursan-ol. Bir misal gətirim. Hansısa bir şahlıqda belə bir problem çıxır meydana: iki oğlan uşağı olur. Səhv salırlar, bilmirlər ki, bunlardan hansı şah oğludur? Bu iki uşağı salırlar çətin bir vəziyyətə. Meşənin içində bir bulağın başında iki qarpız qoyurlar. Biri ac olduğuna görə dərhal qarpızı vurur daşa, əliylə paralayıb yeməyə başlayır. O biri uşaq isə qarpızı götürüb əvvəlcə suda yuyur və dilimləyərək yeyir. Bilinir ki, bu uşağın qanında kübarlıq. zadəganlıq var... Yəni əsl insan hər bir şəraitdə özünü qoruyub saxlamağı bacarmalıdır. Ümumən insan elə bir varlıqdır ki, o, mütləq özünü tanımalıdır. Bunun üçünsə daima öz üzərində çalışmalıdır. Hər birimiz günün sonunda özümüzə hesabat verməliyik ki, bu gün mən nə etdim? Mən çox təvazökar bir insanam. Amma deyim ki, bu gün Siz gələnə qədər iki yaxşı iş görmüşəm. Günün sonuna, inşallah, belə işlərim daha çox olacaq. Düzdür, bu dediyim işin birini məcburən görmüşəm, ürəyimcə olmayıb. Təbii, kimin üçün etdimsə, onun üçün bu, yaxşıdır. Amma mənim üçün o qədər də yaxşı bir iş deyildi. Özü keyfiyyətli bir insan olmasa da, çətin bir vəziyyətə düşdüyünə görə kömək etdim. Amma o adamı dostluğumdan çıxardım. Çünki o, həmişə məni işi çətinə düşəndə yada salır. Belə dostluq, yoldaşlıq olmaz axı. Bu hesabatı mən özümə verdiyim kimi, o adam da bunu etməlidir, azından səhvini anlamalıdır ki, bu gün nəyi düz etmədim?

Kəmalə Mirzəyeva: -Həyat ağ və qara zolaqlıdır... Ağ zolaqlı uzun, xoş bir yola çıxmaq hamının istəyidir. Amma bəzən o, hamıya qismət olmur... Bu xoşbəxtlik ancaq çətinliyə təslim olmayanlara, ruhdan düşməyənlərə nəsib olur... İnsan o gücü, iradəni hardan, kimdən almalıdır ?

Novruz Aslanov: -Ancaq və ancaq cəmiyyətdən. Təbiət də kömək ola bilər. Gedirsən dəniz qırağına, dalğaları görürsən, sənə ruh verir, qanad verir, qida verir. Amma ən əsası insani münasibətlərdir. Bu da sənin işlədiyin yerdən başlayır. Açığı deyim ki, sənin müdirin yaxşı bir insan deyilsə, sən orda işləyə bilməyəcəksən. daha çox əziyyət çəkəcəksən. Məcburən işləyəcəksən, çünki ailəni saxlamalısan, amma mənən iztirab çəkəcəksən, daima haqsızlıqla üzləşəcəksən. Sən özün də elə bir rəhbər olmalısanki, işə gələnlər sevinclə gəlsinlər, bilsinlər ki. onların müdiri sabah problemləri olsa, diqqətlə qulaq asacaq və imkan daxilində onlara kömək olacaq. .. Bir anlığa təsəvvür edin ki, düşmüsünüz ağılsız insanların arasına. Sizin onlardan öyrənəcəyiniz nə olacaq? Ya da düşmüsünüz yaxşı insanların arasına. Orada isə Sizi gözəl münasibət, şirin, əxlaqi söhbətlər gözləyir. Bayaq yaxşı bir şeir eşitdim. Götürdüm, aldım və ruhlandım. Söhbət bundan gedir. Özün də həmin o ruhun bir mənbəyi olmalısan. Almaqla bərabər, verməyi də bacarmalısan.

Kəmalə Mirzəyeva: - Kimdir illərdi Sizə o dediyimiz mənəvi gücü, inamı verən ? Sizin həyatınızdakı uğurların, yaxşı mənada, “səbəbkarı” kimdir ?

Novruz Aslanov: -Təbbi ki, ancaq Yaradan. Hər şey Ondan başlayır. Ailə, kollektiv, cəmiyyət. Hər şey Ona bağlıdır - mənim dünyaya gəlişim də, sənin istedadın da. Öyünmək lazim deyil qabiliyyətinlə, istedadınla. 8 milyard insan var yer üzündə. Sən də onlar kimi ola bilərdin. Əgər bu istedad verilibə, onu verən verib. Və sonra sən başlayırsan onun üzərində işləməyə. Yəni özün-özünə kömək edirsən. Misal üçün, musiqiçisənsə, gedirsən konservatoriyaya qəbul olursan. Amma mənbə birdir, səni yaradan qüvvədir. Kimsə ona Allah deyir, kimsə Tanrı deyir... Mən ona ancaq Yaradıcı qüvvə deyirəm. Bu, enerji də ola bilər, bu, hər şey ola bilər. Bir yaradan qüvvə var və səni bu dünyaya o gətirib. Sonra isə sən hara istəyirsən, ora da gedirsən.

Kəmalə Mirzəyeva: -İnsanın Allaha olan sevgisi... İnsan üçün Allahın onu sevməsindən daha qiymətli mükafat varmı?!

Novruz Aslanov: - Açığı deyim ki, bu, övlad-ata münasibətidir. Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi? Mən ata görmüşəm ki, hətta oğlunun ölümünü istəyir. Amma o, uşağı dünyaya gələndə istəmirdi ki, belə olsun. Mənim də, Sizin də valideynlərimiz istəyiblər ki, uşaqları yaxşı bir insan olaraq cəmiyyətə xeyirli olsun. Amma, əfsuslar ki, bəzən belə olmur...

Kəmalə Mirzəyeva: - Bəziləri zəmanədən çox şikayət edirlər... əxlaqi dəyərlər, adət-ənənələr itir, ailələr dağlır... milli mənəvi dəyərlər yox olur... Günahkar zəmanədir, yoxsa zəmanənin insanları?

Novruz Aslanov: -Bu, çox böyük bir fəlsəfi fikirdir. Zəmanə haqqında alimlərimiz, filosoflarımız çox danışıblar. Bəzilərinə görə zaman bizdən daha irəlidədir. Bəziləri deyir ki, hətta zaman yoxdur, keçmiş və gələcək var. Bəziləri düşünür ki, heç hazırkı vəziyyət də yoxdur. Hər saniyə hər an dəyişir. Yəni biz də bir an bundan öncəki adamlar deyilıik. Yəni indiki zaman anlayışı yoxdur, əslinə qalsa, yalnız keçmiş və gələcək var. Bəzi alimlər deyirlər ki, zaman bizim beynimizdə, düşüncəmizdə olan fikirlərdir. Yəni biz dünyanı dərk etdikdə bilirik ki, zaman var. Amma mən hesab edirəm ki, zamanın bizim problemlərlə bağlı heç bir günahı yoxdur. Bizim cəmiyyətimizin problemləri elə biz özümüzük. Düzgün yaşamırıqsa, bunu zamanın üstünə atmaq doğru deyil. Zaman elə həmin zamandır. Amma biz dəyişirik. Deyirlər ki, bu gün zaman bir az tez gedir, bəziləri deyirlər ki, bu, qiyamət gününün əlamətidir. Doğrudur, zaman o qədər tez keçir ki, sanki həftəmiz 1 gün, ayımız isə 1 həftədir. Bunu ancaq onunla əlaqələndirirəm ki, informasiya yükümüz yaman çoxalıb. ... Təsəvvür edin ki, kənddə yaşayırsan, həyat yoldaşın, uşaqların var. Səhər 4-də durursan, heyvanları aparırsan otlamağa və yaxud başlayırsan həyət-bacanı belləməyə və gözləyirsən ki, bircə axşam gəlsəydi, dincələrdim. Vaxt isə uzanır. Amma biz burda o qədər informasiya qəbul edirik ki, bir də görürük ki, artıq axşamdır. Sanki zaman başlayır sürətlənməyə. Mənə elə gəlir ki, zamanın bizim işimizə, həyat tərzimizə heç bir mənfi təsiri yoxdur. Zaman öz yerindədir. Biz yerimizi tapmağa çalışmalıyıq.

Kəmalə Mirzəyeva: -Bütün canlılara qarşı Sizdə həssas bir münasibət var. Novruz müəlim, görünən odur ki, təbiətə bağlılığınızla, bütün canlılara incə, həssas münasibətinizlə də diqqət çəkirsiniz. Bu, insanda xüsusi bir əhval-ruhiyyə, ovqat yaradır... Bu, necə gözəl bir missiyadır ... Xüsusilə, təbiətin ayrılmaz hissəsi olan heyvanlarla bağlı humanist yanaşmanız da çoxuna bir örnəkdir. Mən “heyvan” sözü işlədə bilmirəm. “Balaca dostlarımız”, “Əziz dostlarımız” deyirəm...

Novruz Aslanov: -Bilirsiniz, Yaradan bizi elə yaradıb, bizə elə bir güc verib ki, biz bütün canlılara qarşı çox diqqətli olmalıyıq. Mənim həyatımda da çoxlu “balaca dostlarım” var və deyim ki, mən bununla fəxr edirəm. Canlı aləmə diqqətlə yanaşmaq lazımdır. Bəzən girirəm bazara. Vəhşi təbiətə məxsus canlıları qəfəsin içində görən kimi ürəyim ağrıyır, pul verib alıram onları. Bizdə bağda “azadlıq günləri” olur. Uşaqlar da bunu bilirlər. Həmin gün qəfəsdə olan həmin canlıları açıb azadlığına qovuşdururuq. Əvvəllər Ucar yolunda çoxlu belə heyvan satılırdı. Dayanıb onları alır, elə o satanların yanındaca sərbəst buraxırdım. Elə satıcılar var idi ki, görürdülər quş uçub yaxınlıqda düşdü, tutub onu ikinci dəfə satmağa çalışırdılar. Qayıdıram, satıcı ilə danışıram ki, mən pul vermişəm, quşu alıb buraxmışam, sən niyə gedib yenidən onu tutursan? Bu cür münasibət düzgün deyil. O heyvan azadlıq istəyirsə, biz onu niyə qəfəsə salıb həyatını məhdudlaşdırırıq. Bu, böyük günahdır. Mən 12 yaşımdan ovçuluq edən adamam. İndi hər gün Yaradandan üzr istəyirəm. Deyirəm: məni bağışlayın. Mən nəyə görə onları qırmışam, nə səbəbə? Onları təbiət yaradıb. Hər gün Allahımdan üzr istəyirəm ki, məni bağışla. Ona görə indi mənim canlılara münasibətim tam başqadır. Hesab edirəm ki, onlara düzgün münasibət savabların, yaxşı işlərin içindədir.





Kəmalə Mirzəyeva: -Mən Sizi sosial şəbəkələrdən də izləyirəm. Öz şəxsi müşahidələrimə görə deyə bilərəm ki, orada belə cəmiyyət üçün faydalı olan o qədər mesajlar verirsiniz, çağırışlar edirsiniz. Dahi insanlardan paylaşılan sitatlar, hətta onları tərcümə edərək paylaşmağınız... Buna qədər düşünürsünüz. Bəzən söz tapmıram...

Novruz Aslanov: -Təşəkkür edirəm. Biz müsahibədən öncə də Sizinlə fikirlərimizi bölüşdük. Gözümü açıb- yumdum, bu gün - sabah 61-dir. Bilmirəm hələ bundan sonra nə olacaq, nə qədər yaşayacam. Amma bura, bu dünyaya gəlməyimizin bir səbəbi var. Biz nə isə etməliyik. Əgər elə olmasaydı, Yaradanımız bizi elə o biri bioloji varlıqlar kimi yaradardı, düşünməyə ehtiyacimiz da olmazdı. Bizə dil, təbəssüm, şüur, ağıl, zəka da verməzdi. Bunların bizə verilməsinin bir səbəbi olmalıdır. Səbəb də ondan ibarətdir ki, biz nə isə etməliyik. Mən hesab edirəm ki, ən azı sən bu dünyada yaşadığın müddətdə xeyir verə bilmirsənsə, ziyan da verməməlisən. İkincisi, bacardığın qədər yaxşı fikirləri dilə gətirməlisən. Bizim babalarımızın, nənələrimizin, əcdadlarımızın söylədiyi elə atalar sözləri var ki, onlar indi də yararlıdır. Bu gün biri sosial şəbəkədə özünü çəkib göstərir, o biri nəyisə reklam edir. Mənim fikrim isə ancaq yaxşılığı, insanlığı təbliğ etməkdir. Çalışıram ki, insanlar bu paylaşımlardan nə isə götürsünlər, nə isə ala bilsinlər. Çox sağ olun, Siz, yəqin bunu ala bildiniyiniz üçün belə qiymətləndirirsiniz. Deməli, mən öz istədiyimə çatmışam. Mən, düzü, milyonlarla insanın Sizin kimi, mənim kimi düşünməsini istəmirəm də. Amma bizim kimi fikirləşənlər varsa və sən onu görə bilirsənsə, bu, çox gözəl bir haldır. Sizə bir misal gətirim. Dediyiniz kimi, mən sosial şəbəkədə çox fəalam. Bir dəfə dostluğumda olan bir insanın həyatında hiss elədim ki, problem var. Onun statusuna baxanda anladım ki, bu gün-sabah o insan intihar edəcək. Mən dərhal onunla danışdım. Və ona həyat haqqında bir status göndərdim. Artıq öz statuslarımı ona uyğun qurmağa başladım. Hiss eləyirdim ki, o, pis vəziyyətdədir. Şadam ki, onu bu fikrindən döndərə bildim. İndiyə qədər də yadımdan çıxara bilmirəm: açıq pəncərə, əsən pərdələr, külək və yerdə bir dənə ləçəkləri tökülmüş qızılgül. Bu, ölüm, son deməkdir. Mən onun paylaşdığını belə anladım. Sonra gördüm bu adam mənim statuslarımı izləyir. Məncə, belə şeylərə fikir vermək, həssas yanaşmaq lazımdır.

Kəmalə Mirzəyeva: -Gəlin ürəkaçan mövzulardan danışaq. Ölkəmizdə bir çox sahələrdə böyük irəliləyişlər göz önündədir. Xüsusilə mədəniyyət sahəsində nəzərəçarpacaq dərəcədə yeniliklər var: Ciddi mədəniyyət əsərləri yaranır, forumlar düzənlənir, tədbirlər keçirilir... Siz Milli Məclisin Mədəniyyət Komitəsiniz üzvü olaraq bunu necə dəyərləndirirsiniz?

Novruz Aslanov: - Doğrusu, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü olaraq qeyd etmək istəyirəm ki,bu sahədə həm keçmişdə , həm də hazırda çox böyük işlər görülüb və görülməkdədir. Bu işə MM-in Mədəniyyət Komitəsi də qanunvericilik sahəsində öz töhfələrini verir -istər qanunların işlənməsi, istər onların qəbul olinmasında. Ən sevindirici hal odur ki, Mədəniyyət Komitəsinə həmişə dəyərli ziyalılarımız, insanlarımız rəhbərlik ediblər - Nizami müəllim, Rafael müəllim, rəhmətlik Qənirə xanım. Hazırda bu sahəyə hörmətli Fazil müəllim rəhbərlik edir. Çünki dəyərli, bilikli insanlar rəhbər vəzifədə çalışanda görülən işlər də keyfiyyətli olur. Çox sevinirəm ki, bu gün Mədəniyyət Nazirliyi ilə yaxşı münasibətlərimiz var. Adil müəllim bir neçə dəfə bizim iclaslarımıza qatılıb, təqdimatlar edib, gələcək perspektivlər haqqında öz fikirlərini söyləyib. Adətən, mədəniyyət üzrə konsepsiya -strateji planlar 2-3-5 ili əhatə edərdi. Amma bu gün hazırlanan konsepsiya 10 ili yox, 20 ili, 30 ili əhatə edir. Bu da çox vacib bir addımdır. Deməli, biz bu gün 20-30 ildən sonrakı cəmiyyətimizdə mədəniyyətin səviyyəsinin necə olacağını müəyyənləşdirməyə çalışırıq. Əsas olan budur ki, bunun üçün hansı addımlar atılmalıdır? Bu, çox unikal yanaşmadır, baxışdır. Mən fürsətdən istifadə edib Mədəniyyət Nazirliyinə, xüsusilə Adil müəllimə, onun komandasna dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu yaxınlarda dinləmələr oldu və orda Fazil müəllimin bütün təklifləri nəzərə alındı. Yəni açıq dinləmələr, açıq təkliflər, ictimai müzakirələr çox vacbdir. Əgər biz işimizin yaxşı olmasını istəyiriksə, insanlara qulaq asmalıyıq, onları dinləməyi bacarmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə, bu səpkidə işlərimiz davam etsə və Mədəniyyət Komitəsi ilə Mədəniyyət Nazirliyi tərəfindən işlənən bu konsepsiya əsasında çox yaxşı nəticələr əldə edə biləcəyik. Çünki mədəniyyət elə bir sahədir ki, daima onun üzərində çalışmaq və boşluqları doldurmaq lazımdır. Deyirlər ki, niyyətin hara, mənzilin də ora. Mən görürəm ki, Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır. Gələcəkdə daha effektiv nəticələr əldə etmək üçün Mili Məcliin Mədəniyyət Komitəsinin hər bir üzvü Mədəniyyət Nazirliyi ilə birgə əlindən gələni edəcəkdir.



Kəmalə Mirzəyeva: -AzQAC öz missiyasını və xoş niyyətini həyata keçirmək üçün ölkənin hər yerində, o cümlədən Qarabağ iqtisadi zonasında, eləcə də Xankəndidə “həssas təbəqəyə” yaxın fəaliiyətini davam etdirir. Nələrlə qarşılaşırsınız ? Necə qarşılaşırsınız ?

Novruz Aslanov: - Mən Sizə deyim ki, humanitar fəaliyyət çox ağırdır. Bu gün dünyanın bir çox ölkələsində bizim könüllülərimiz çalışmaqdadır. Yeri gəlmişkən, bizim dünya üzrə 27 milyon könüllümüz var var. Onlar çox vaxt təzyiqlərə məruz qalır, hətta həyatların itirirlər. 44 günlük müharibədə bir işçimiz - Mustafayev Məhərrəm öz humanitar fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişdi . 2 işçimiz də yaralandı. Çox ağır bir işdir. Elə vaxtlar olur ki, insanlar üstünə hücum edirlər. Artıq sənin həyatına da qəsd edə bilərlər. Əfsuslar olsun ki, dünyada bu cür hadisələr baş verməkdədir. O ki qaldı Qarabağ iqtisadi zonasına, bu günlərdə Xankəndiyə gedib oradakı insanlarla görüş keçirdik, şəraitlərilə tanış olduq, hümanitar yardım etdik, müvafiq söhbətlər apardıq. Onlar bizim torpağımızda, bizim dövlətimizin ərazisindədirlər, bizim sakinlərimizdirlər. Çalışırıq ki, onlara diqqətlə yanaşaq. Deyim ki, hər zaman, hər an bizim işimiz müsbət qarşılanır, təəssüf ki, belə deyil. Misal üçün gedirsən hansısa problemli bir sahəyə, orada yardım edirsən. Bəzi insanlar fikirləşir ki, ona nə üçün yardım edirsən, mənə yox? Yəni çox ağır və çətin bir işdir. Amma mərhəmət - mərhəmətdir. Onun nə ağı, nə də qarası olur. Hesab edirəm ki, heç bir çətinliyə baxmadan biz öz işimizi görürük və görməliyik.



Kəmalə Mirzəyeva: -Novruz müəllim, mart ayı Qızıl Aypara Cəmiyyətinin yarandığı aydır və eyni zamanda Sizin də doğum tarixiniz bu aya təsadüf edir. Humanist təşkilatın humanist rəhbəri. Sizi ayırmaq istəmədim. Təbrik edirəm və uğurlar arzulayıram.

Novruz Aslanov: -Təşəkkür edirəm, Cənab Prezidentın Sərəncamına əsasən hər il martın 10-u Aypara günü kimi qeyd olunur. Qeyd etmək istəyirəm ki, Qızıl Aypara Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin bir varisi olaraq artıq 104 ildir öz fəaliyyətini davam etdirir. Düzdür, 1920-ci ildə fəaliyyəti az oldu, amma sonrakı illərdə Cəmiyyətimiz çox yüksək səviyyədə fəaliyyət göstərə bildi. Bu gün mən arzu edirəm ki, Qızıl Aypara Cəmiyyəti əvvəlki illərdə olduğndan da güclü olsun. O zamanlar hər il dövlət büdcəsinin 1 faizi Qızıl Aypara Cəmiyyətinin hesabına keçirdi. Hazırda biz üzvülük haqları, insanların ianələri, donor vəsaitləri, vergilər hesabına fəaliyyətimizi həyata keçiririk. Təbii ki, bütün bu işlərdə bizə dəstək dövlətimizdəndir. 2004-cü ildə Cənab Prezident Qızıl Aypara Cəmiyyətinə dövlət dəstəyi haqqında Sərəncam imzaladı. Bunun nəticəsi olaraq 2007-ci ildə “Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul olundu. Ölkədə yeganə qeyri-hökumət təşkilatıdır ki, əməkdaşlarımız dövlət tərəfindən təltif olunurlar. Martın 10-da bizim 104 yaşımız tamam oldu. Biz öz strateji planımıza uyğun olaraq Beynəlxalq Qızıl Xaç və Aypara hərəkatının tərkib hissəsi kimi fəaliyyətimizi davam etdirməkdəyik. Onu da qeyd edim ki, regionumuzda ən aktiv, ən yaxşı fəaliyyət göstərən milli cəmiyyətlərdəndən biriyik.


Geri dön