Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Xankəndidə alovlanan Novruz tonqalı bizə Qələbə sevincini yenidən yaşatdı”

Novruzəli Aslanov: “Xankəndidə alovlanan Novruz tonqalı bizə Qələbə sevincini yenidən yaşatdı”


20-03-2024, 10:45. Yazar: sevinc1
Novruzəli Aslanov: “Xankəndidə alovlanan Novruz tonqalı bizə Qələbə sevincini yenidən yaşatdı”

“Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi Qələbəsindən artıq dördüncü il keçir. Buna baxmayaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər il xalqımıza Qələbə sevincini yenidən yaşatmağa nail olur. Bu il martın 18-də dövlət başçımızın Xankəndidə alovlandırdığı Novruz tonqalı hamımıza Qələbə qürurunu bir daha hiss etdirdi. Əgər Şuşa, Xocalı, Ağdərə, Cəbrayıl, Füzuli və bir çox digər şəhərlərimiz yalnız işğal dövründə öz həqiqi sahiblərindən ayrı dümüşdülərsə, məhz Xankəndi hələ keçən əsrin əvvəllərindən, heç bir hüquqi əsası olmadan bu ərazilərdə muxtar vilayətin yaradılmasından sonra artıq faktiki olaraq ermənilərin nəzarətinə keçmişdi. Erməni millətçiləri bu qədim Azərbaycan şəhərini separatizmin mərkəzinə çevirmişdilər. Halbuki, cənab Prezident İlham Əliyevin xalqa ünvanladığı təbrik müraciətində qeyd olunduğu kimi, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhərini və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Lakin bu gün tarixi ədalət artıq tamamilə bərpa olunmuşdur. Şəhidlərimizin qanı bahasına, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı sayəsində bu gün Azərbaycan xalqı bu torpaqlarda qurur, yaradır və bu torpaqlara həyat qayıdır.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra deputat qeyd edib ki, əgər ermənilər məlum xarici qüvvələrin təhrikinə uymayıb II Qarabağ Savaşının dərslərindən düzgün nəticə çıxara bilsəydilər, o zaman 2023-cü ildə keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı: “Dövlət başçımızın Xankəndidə söylədiyi təbrik nitqində ötən il baş vermiş hadisələrin obyektiv təhlili yer almışdır. Həqiqətən də, əgər İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Lakin Ermənistan tam məğlubiyyətə uğradığı müharibədən sonra keçən üç il ərzində baş verənlərdən düzgün nəticə çıxarmadı. Əksinə onlar bəzi xarici dairələrin təhriklərinə uyaraq öz qanunsuz silahlı birləşmələrini bizim ərazilərimizdə əbədi saxlamaq, burada vaxtilə qeyri-qanuni yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası”nı yaşatmaq istəyirdilər. Əlbəttə ki, Azərbaycan buna yol verə bilməzdi və yol vermədi. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi oldu. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Möhtəşəm Qələbəmizin növbəti rəmzi olaraq Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır. Azərbaycan üç ildən artıq müddətdir ki, işğaldan azad etdiyi suveren ərazilərində geniş quruculuq işləri aparır və hazırda keçmiş köçkünlərin bir hissəsi öz dədə-baba torpaqlarına geri dönmüşdür. Əlbəttə ki, bu proses bu il də davam edəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz ölkəsinin ərazi bütövlüyünü, suverenliyini, özünün beynəlxalq hüququnu, milli ləyaqətini bərpa etmişdir və bu gün azad xalq kimi yaşayır, qurur və bundan sonra da bu torpaqlarda əbədi yaşayacaq. Bu, Vətən müharibəsinin nəticələrindən doğan reallıqlardan biridir və bu reallığı heç bir antiazərbaycan ruhlu qüvvə dəyişə bilməz” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön