Ana Sayfa > Təhsil > “Məktəblinin dostu” layihəsi üzrə müsahibə mərhələsi başlayıb

“Məktəblinin dostu” layihəsi üzrə müsahibə mərhələsi başlayıb


10-10-2016, 19:09. Yazar: admin


Oktyabrın 10-da “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsi başlayıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla bağlı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində görüş keçirilib.
Görüşdə bildirilib ki, Təhsil Nazirliyi və “ASAN xidmət”lə birgə start verilən “Məktəblilərin dostu” layihəsinin həyata keçirilməsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması məqsədi daşıyır.
“Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək.

Xatırladaq ki, imtahanların test mərhələsi oktyabrın 2-də keçirilib. Seçilmiş namizədlər müsahibə mərhələsinə buraxılıb.
Müsahibə mərhələsində ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” seçiləcəklər.
Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Geri dön