Ana Sayfa > Siyasət / Özəl > Azərbaycan dünyaya yeni möhtəşəm layihələr təqdim edəcək

Azərbaycan dünyaya yeni möhtəşəm layihələr təqdim edəcək


15-03-2024, 18:54. Yazar: sevinc1
Azərbaycan dünyaya yeni möhtəşəm layihələr təqdim edəcək

Bu gün Azərbaycanın təşəbbüsü ilə yaradılmış beynəlxalq təsisatların da nüfuzu getdikcə artır. Bu baxımdan, biz birmənalı olaraq mövcud regional və qlobal problemlərin ətraflı müzakirəsi və bütün digər istiqamətlərdə məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əverişli beynəlxalq iqtisadi-siyasi platforma olan Bakı Qlobal Forumunun yüksək önəmini qeyd edə bilərik. Təsadüfi deyil ki, martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlamış “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu tədbirin açılış mərasimində iştirak edən dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmişdir. Öz çıxışında cənab Prezident Bakı Forumunun Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq platformalarla bir cərgədə yer aldığını bildirmişdir. Xatırlatmaq yerinə düşər ki, XI Qlobal Bakı Forumuna bu il rekord həddə, 68 ölkədən 400-dən çox qonaq, o cümlədən 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları qatılmışlar. Təbii ki, bu göstərici də Forumun nəhəng intellektual potensialına və yüksək beynəlxalq nüfuzuna dəlalət edir.
Hər zaman olduğu kimi, öz çıxışlarını obyektiv reallıqlar və prinsipial yanaşmalar üzərində quran cənab Prezident İlham Əliyev bu dəfəki nitqində də beynəlxalq ictimaiyyəti son dərəcə narahat edən problemlərə toxundu. Əgər bu gün dünyada getdikcə sayı artan münaqişə ocaqlarında yaranmış gərginliklərin əsasında hansı ziddiyyətlərin durduğunu araşdırsaq, bu zaman onların əksəriyyətinin münaqişə tərəfləri olan ölkələrin deyil, onların daxili işlərinə müdaxilə etməyə çalışan böyük dövlətlərin apardıqları siyasət nəticəsində yarandığını görərik. Əlbəttə ki, bu, ilk növbədə ikili standartlar siyasəti təcrübəsinin və beynəlxalq hüququn pozulmasının nəticələridir.
Dünya ictimaiyyəti 30 il ərzində Cənubi Qafqaz regionunun nümunəsində ikili standartlar siyasətinin necə ağır fəsdlara yol aça biləcəyini açıq-aşkar müşahidə etmək imkanına malik idi. Məhz bu rüsvayçı siyasət nəticəsində Azərbaycanın suveren ərazilərinin iyirmi faiziuzun illər işğal altında saxlanmış, 1 milyondan artıq vətəndaşı isə qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdı. Bu vəziyyətin uzun illər davam etməsinin yeganə səbəbi isə BMT və ATƏT kimi beynəlxalq təsisatların, eləcə də ABŞ, Fransa, Rusiya kimi dünyanın aparıcı dövlətlərinin bu münaqişəni həll etməkdə maraqlı olmamaları, beynəlxalq hüququn pozulmasına göz yummaları olub. Eyni zamanda da yaranmış gərginlik bütün Cənubi Qafqazı hər an partlaya biləcək barıt anbarına bənzədirdi. Buna görə də Azərbaycan münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində göstərdiyi bütün cəhdlərinin uğursuz olduğuna tam əmin olduqdan sonra, 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı müharibə yolu ilə işğala son qoymaq məcburiyyətində qaldı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərdi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan da istifadə edilməlidir və bu gün məhz Azərbaycanın hərbi-siyasi qələbəsi regional sülhü indiyədək olmadığı qədər yaxın və əlçatan edib.
Bütün bunlarla yanaşı XI Qlobal Bakı Forumunda müzakirə olunan mövzular arasında əlbəttə ki, iqtisadi məsələlər də önəmli yer tutur. O cümlədən möhtərəm dövlət başçımız bu il ölkəmizdə keçiriləcək ÇOP29-un əhəmiyyətini öz çıxışında xüsusi vurğuladı. Qeyd olundu ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Həmçinin Forum iştirakçılarının diqqətinə çatdırıldı ki, ötən ilin oktyabrında Azərbaycan Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını edib. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri hazırda davam edir. Cənab Prezident Azərbaycanın 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmasının nəzərdə tutulduğunu anonsladı. Perspektivdə isə ölkəmiz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuldur və yaxın gələcəkdə bütün dünya bu möhtəşəm layihənin də reallaşmasının şahidi olacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön