Ana Sayfa > Siyasət > Münasibətlər yeni mərhələdə
Münasibətlər yeni mərhələdə14-03-2024, 19:07. Yazar: sevinc1 |
Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, Prezidentlərin mətbuata birgə bəyanatlarında da bu kimi məsələlər xüsusi diqqətdə oldu. Hazırda ölkələr arasında əlaqələrin inkişafından bəhs edərkən enerji sektorunda əməkdaşlığa xüsusi diqqət yetirilir. Bu baxımdan deyə bilərik ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Səfər çərçivəsində müzaakirə olunan məsələlərdən biri də ölkələrimizin tranzit imkanları oldu. Azərbaycan və Qazaxıstan Prezidentləri Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Kasım-Jomart Tokayev ilə apardığı fikir mübadiləsi bizim də qonşular olduğumuzu göstərdi: “Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır.” Qardaş ölkələr zəngin təbii ehtiyatlara malik olmalarına baxmayaraq, nəqliyyat infrastrukturunun beynəlxalq standartlara tam uyğun olmasına çalışdı və buna nail oldu. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. “Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür” söyləyən cənab İlham Əliyev, həmçinin vurğuladı ki, əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilnəsi də əlaqələrin hazırkı inkişaf səviyyəsinin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, gündəliyimizdə çoxlu mövzular var. Bütün istiqamətlər üzrə işlər uğurla aparılır. Qazaxıstan Prezidenti Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsini tarixi hadisə kimi dəyərləndirdi. Qeyd etdi ki, qtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsi aparıldı və ümumi nəticələrə gəldik: “Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar. Əməkdaşlığın və qarşılıqlı fəaliyyətin, təmasların səviyyəsi kifayət qədər yüksəkdir. Bu gün Sizin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, Mərkəzi Asiya Dövlətləri liderlərinin Məşvərət görüşündə iştirakınızın nəzərdə tutulduğu və ya planlaşdırıldığı barədə danışdıq. Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyimlə bağlı dəvəti böyük ümidlə və minnətdarlıqla qəbul edirəm.” Son dövrün əsas müzakirə mövzularından biri də Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyidir. Qazaxıstan Prezidenti bu mühüm addımı ümumilikdə Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyəti kimi dəyərləndirdi. Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir: “Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Biz Dubayda keçirilən COP28 sammitində iştirak etdik və gördük ki, bu, həqiqətən çox mühüm forumdur. Sevinirik ki, belə mühüm qlobal forumun keçirilməsi məkanı qismində məhz Bakı seçilib.” Aparılan müzakirələrdən də göründüyü kimi, iki ölkənin əlaqələrinin inkişafı tarixə söykənir. Möhkəm təməl münasibətlərin inkişafında öz sözünü deyir. Bu gün bu birlik işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə dəstəkdə də özünün aydın ifadəsini tapır. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini bildirdi. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan Prezidentləri Mərkəzin açılışında iştirak etdilər, eyni zamanda, Füzuli şəhərinin Baş planı, burada inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış oldular. Prezidentlər Qarabağın tacı Şuşaya da səfər etdilər. Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssürat doğurdu. Göründüyü kimi, səfərin gündəliyi zəngin oldu. Bu, iki ölkə arasında səmimi dostluğun, qardaşlığın göstəricisidir. Bu birlik Türk Dövlətləri Təşkilatı daxilində də həmrəyliyi daha da gücləndirir. Böyük bir ailə kimi dəyərləndirilən türk birliyi atılan və atılacaq addımların fonunda daha da möhkəmlənir, dünyaya həmrəylik, sülh, əmin-amanlıq, əməkdaşlıq çağırışlarını edir. Nihad Pənahov YAP Tovuz rayon təşkilatının sədri Geri dön |