Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib

Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib


7-09-2015, 12:30. Yazar: admin

ƏMDK məlumat yaydı.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib.

Komitə bildiririb ki, təkrar bazarda alqı-satqı əməliyyatı zamanı əvvəllər müəyyən müddət alan prosedurlar indi aradan qalxıb. Vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada sənəd gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb.

Komitənin elektron, SMS və onlayn xidmətləri məhz belə prosedurların aradan qaldırılması üçün yaradılıb.

Qeyd edək ki, onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir.

Təkrar bazarda alqı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir.

Komitə tərəfindən tətbiq olunan yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb.

Yəni vətəndaş əvvəl yüklülük arayışını almaq üçün ərazi idarəsinə getməli idisə, indi buna ehtiyac yoxdur. Və ya daşınmaz əmlakı barədə reyestrdəki məlumatı almaq üçün idarəyə müraciət etməli idisə, indi onu internet vasitəsilə əldə edir. Əgər vətəndaş əvvəllər notariusda alqı-satqı etdikdən sonra sənədləri yenidən idarəyə gətirmək məcburiyyəti var idisə, indi həmin sənədlər onlayn rejimdə idarəyə göndərilir.

Təkcə onlayn xidmətlərdən istifadənin statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb. Belə ki, indiyədək 183 500 vətəndaş komitənin onlayn xidmətlərindən faydalanıb.

Qeydiyyat prosesinin bu dərəcədə sadələşməsi alqı-satqı əməliyyatlarının, qeydiyyata alınan əmlakların sayının artmasına səbəb olub. Bununla da vətəndaşların dövlət reyestrindən çıxarışı olan daşınmaz əmlakdan həm hüquqi, həm də iqtisadi mənfəət mənbəyi kimi istifadəsi kütləviləşib.

Komitə qeyd edib ki, hazırda komitə tərəfindən elektron və onlayn xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır.
Geri dön