Ana Sayfa > Siyasət > Cənub Qaz Dəhlizinin coğrafiyası getdikcə genişlənir

Cənub Qaz Dəhlizinin coğrafiyası getdikcə genişlənir


11-03-2024, 15:09. Yazar: sevinc1
Cənub Qaz Dəhlizinin coğrafiyası getdikcə genişlənir

Bu gün Avropa İttifaqına daxil olan ölkələrin gündəliyində duran ən vacib məsələlərdən biri məhz enerji təhlükəsizliyi ilə bağlıdır. Əlbəttə ki, daha yeni marşrut olan Cənub Qaz Dəhlizinin önəmi də bu strateji məsələnin həllinə verdiyi töhfələr səbəbilə getdikcə artır. Bu isə, öz növbəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmiatında rolunu daha da önə çəkir. 2024-cü il mart ayının 1-də Bakıda, “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikirlərdə də bir daha təsdiq olundu ki, hazırda Avrasiyadakı mövcud geosiyasi vəziyyət bu möhtəşəm Beynəlxalq layihənin reallaşdırılmasının son dərəcə düzgün və vaxtında atılmış addım olduğunu təsdiq edir. Bu gün Avropanın özündə Cənub Qaz Dəhlizinə çox sayda yeni marşrutların, interkonnektorların əlavə edilməsi də layihənin əhəmiyyətini bir daha vurğulayır. Beləliklə, Azərbaycanın təşəbbüskarı olduğu bu layihədə enerjinin şaxələndirilməsi məsələləri də tam şəkildə əhatə edilir. Toplantıda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev görülmüş işlər və gələcək planlar barədə bir çox maraqlı açıqlamalar verməklə yanaşı, eni zamanda da Azərbaycanın təbii qaz resursları barədə Avropa ictimaiyyətinə yanlış məlumatlar təqdim etmək istəyən bəzi qüvvələrə də öz mesajını çatdırdı. Dövlətimizin başçısı “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Abşeron” və “Ümid” qaz-kondensat yataqlarının çox böyük potensialları barədə məlumat verdi və bildirdi ki, Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün Azərbaycanın guya ki, kifayət qədər qaz ehtiyatlarına sahib olmadığı barədə uzun illərdir ki, yayılan şayiələrin heç bir əsası yoxdur. Hətta əldə olunan ilkin nəticələr də bir daha onu göstərdi ki, həmin şayiələr Azərbaycanın potensialının qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün ölkəmizə qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Cənab Prezident öz çıxışında bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xüsusi qeyd etdi. Həqiqətən də ölkəmizin yaşıl enerji sahəsində çalışmaları və qısa müddətdə əldə olunan nailiyyətlər diqqətə layiqdir. Azərbaycan bu sahədə Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləri ilə əməkdaşlığını getdikcə genişləndirir və bu şirkətlər bərpolunan enerji sahəsində dümyada aparıcı mövqelərə sahibdirlər. Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var və bu potensial istər Xəzər dənizində, istərsə də quru ərazilərimizdə mövcuddur. Məhz bu potensial sayəsində Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməyi planlaşdırır. Beləliklə, Azərbaycanın yaşıl enerji layihələri həm də ölkələr arasında daha geniş və şaxələndirilmiş tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün bir alət və vasitə kimi çıxış edəcək.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.

Geri dön