Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Uğurlu xarici siyasət kursu Azərbaycanı Avrasiya məkanının aparıcı aktorlarından birinə çevirib”
Novruzəli Aslanov: “Uğurlu xarici siyasət kursu Azərbaycanı Avrasiya məkanının aparıcı aktorlarından birinə çevirib”6-03-2024, 11:08. Yazar: sevinc1 |
“Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, uzun illər ərzində dövlətçiliyimizin əsaslarını təhdid edən erməni separatizminin kökündən ləğvinə nail olmuş, istər irimiqyaslı hərbi əməliyyatlarda, istərsə də lokal xarakterli antiterror tədbirlərinin gedişində öz gücünü, hərbi qüdrətini isbat etmiş bir ölkədir. Həmçinin Azərbaycan bu gün Avrasiya məkanında gedən geosiyasi proseslərə kifayət qədər təsir etmək imkanlarına sahib olan, dünyada sözü dinlənən, Avropanın enerji təhlükəsizliyi məsələsində aparıcı aktorlardan biri kimi çıxış edən nüfuzlu dövlətdir. Əlbəttə ki, bütün bunlara nail olmaq heç də asan olmayıb. Etiraf etmək lazımdır ki, əldə olunmuş bütün uğur və nailiyyətlərin əsasında cənab Prezident İlham Əliyevin bilavasitə müəyyən etdiyi strateji kurs, yürütdüyü daxili və xarici siyasət xətti, həyata keçirdiyi əhatəli və köklü islahatlar durur. Əlbəttə ki, aparılan siyasi islahatların əhmiyyətinin düzgün qiymətləndirilməsi baxımından ölkəmizdə 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin vaxtında atılmış və son dərəcə doğru bir qərar olduğu qeyd edilməlidir. Həmin il mart ayının 10-da dövlət başçısının iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası da sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə idi. İclasda etdiyi çıxışında cənab Prezident xüsusi olaraq vurğuladı ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Diqqətəlayiq haldır ki, həmin vaxt seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Daha sonra deputat beynəlxalq əlaqələrin gücləndirilməsi, ölkənin beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində parlamentdə görülən işlərin həm həcminin, həm də effektivliyinin artırılmasının vacibliyi barədə Prezident İlham Əliyevin tövsiyyələrinin əhəmiyyətini vurğulayıb və bildirib ki, son üç ildə bu istiqamətdə atılan addımlar kifayət qədər səmərəli olmuşdur: “Heç şübhəsiz bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətin nəticəsidir və eyni zamanda, dövlət başçımızın dünya liderləri arasında malik olduğu şəxsi nüfuzunun bir təzahürüdür. Bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Hazırda Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır ki, bu da Aİ ölkələrinin üçdə biri deməkdir. Bundan başqa Azərbaycan Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çox önəmli rol oynayır. Həmçinin Azərbaycanın bütün müsəlman aləmində böyük nüfuzu vardır. Beləliklə, uğurlu xarici siyasət kursu Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı oyunçularından birinə çevirib. Bütün bu baş verənlərin fonunda əlbəttə ki, bu gün Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmsil edən deputatlar da daha fəal olmalı, daha effektiv fəaliyyət göstərməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, o təşkilatlarda ki, Azərbaycana qarşı ikili standartlar, qərəzli yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada daha mübariz olmalıyıq. AŞPA-nın bu ilin 22 yanvar tarixində keçirilmiş qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi barədə qəbul edilmiş qərəzli və ədalətsiz qərar da bir daha göstərdi ki, cənab Prezident İlham Əliyevin dörd il bundan öncə etdiyi çıxışında yer almış fikirlər bu gün də öz aktuallığını saxlayır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |