Ana Sayfa > Siyasət / Özəl > Azərbaycan qadını bütün sahələrdə ləyaqətlə təmsil olunur

Azərbaycan qadını bütün sahələrdə ləyaqətlə təmsil olunur


5-03-2024, 21:24. Yazar: sevinc1
Azərbaycan qadını bütün sahələrdə ləyaqətlə təmsil olunur

Azərbaycan qadınları tarixin bütün dönəmlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. 1918-1920-ci illər ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti təkcə Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlət olmadı. Məsələ bundadır ki, bu gün özlərini dünyaya demokratik dəyərlərin daşıyıcıları kimi təqdim etməyə çalışan bir çox Qərb ölkələrinə həmin dövrdə belə bir addım atmaq üçün hələ bir neçə onilliklər lazım olacaqdı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz tarixi çıxışlarından birində qeyd etdiyi kimi, Avropanın bir çox qadın ədiblərinin öz əsərlərini uydurma kişi adları ilə imzalayaraq ictimaiyyətə təqdim etmək məcburiyyətində qaldıqları dövrlərdə Azərbaycan qadınları öz adlarını şanlı və qədim tariximizin səhifələrinə qızıl hərflərlə yazırdılar. Hələ orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.
Məlum olduğu kimi, müasir Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimizin qətiyyətli addımları nəticəsində qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun aparıcı istiqamətlərindən birinə çevrilib. Bu gün isə, artıq ölkənin bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilib.
Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunun getdikcə daha çox yüksəlməsinə xidmət edir. Bu fəaliyyət cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. Ölkənin birinci xanımı həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir.
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti bu sahədə Azərbaycanı dünyanın öncül dövlətlər sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilməkdədir. 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Azərbaycan qadınları fəxri adlar alır, orden və medallarla təltif edilirlər. Cənab Prezident İlham Əliyev ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu hər zaman yüksək qiymətləndirir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön