Ana Sayfa > Özəl > AZƏRBAYCAN NÖVBƏTİ DƏFƏ BEYNƏLXALQ TƏDBİRƏ UĞURLA EV SAHİBLİYİ ETDİ!

AZƏRBAYCAN NÖVBƏTİ DƏFƏ BEYNƏLXALQ TƏDBİRƏ UĞURLA EV SAHİBLİYİ ETDİ!


5-03-2024, 11:02. Yazar: sevinc1
AZƏRBAYCAN NÖVBƏTİ DƏFƏ BEYNƏLXALQ TƏDBİRƏ UĞURLA EV SAHİBLİYİ ETDİ!

Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlı davranmaqdır. Bu baxımdan Azərbaycan müsbət mənada fərqlənir. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısı onu də əminliklə vurğulayıb ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu reallıq martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir daha səsləndirilib. Tədbirlərdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin təmsil olunması bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Yəni bu iclaslar, orada səslənən fikirlər həm Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir, həm də qarşıya qoyduğumuz planları bundan sonra da uğurla reallaşdıracağımıza əminlik ifadə edir. Bu məqamda xüsusi olaraq vurğulamaq istəyirəm ki, Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətindədir.
Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir. Bu fikir Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərin rəsmiləri tərəfindən xüsusi qeyd edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Mövcud geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyinin təminatına  ehtiyacın daha da artdığı hazırkı dövrdə  yeni enerji marşrutlarının müəyyənləşdirilməsinə, mövcud potensialın ortaya qoyulmasına zərurət duyulur. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin toplantısında ötən ildə görülən işlərə yekun vurulur, qarşıdakı dövrün prioritetləri açıqlanır.Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır, bu halda X toplantının əhəmiyyəti, özündə ehtiva etdiyi çağırışlar daha aydın görünür. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir. Bir mühüm məqamı da qeyd edək ki, cənab Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu sahədə mövcud imkanlarımız Qarabağın və Şərqi Zəngəzurun tezliklə yaşıl enerji mərkəzinə çevriləcəyini təsdiqləyir. Cənab Prezident İlham Əliyev ölkəmizin bu sahədə böyük imkanlara malik olduğunu statistik rəqəmlər əsasında diqqətə çatdırıb. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır. Toplantıda Albaniyanın Baş naziri Edi Ramanın  dediyi kimi, bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətinin iki dəfə artırılması nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirməklə yanaşı ölkəmizin geosiyasi mövqeyini də gücləndirdi. Cənub Qaz Dəhlizi layihəsinin reallaşması nəinki Azərbaycan üçün, eyni zamanda Avropa ölkələri, dünya üçün çox əhəmiyyətlidir. Bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq. Bu, eyni zamanda Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətli bir layihədir. Cənub Qaz Dəhlizi Məşrəvət şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun olmasını bir daha təsdiq edir. Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz qazanıb. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov
Geri dön