Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə: “Azərbaycanın Avropaya yaşıl enerji ixracına başlaması irəliyə doğru atılmış daha bir böyük addım olacaq”
Gülər Sultanzadə: “Azərbaycanın Avropaya yaşıl enerji ixracına başlaması irəliyə doğru atılmış daha bir böyük addım olacaq”5-03-2024, 10:50. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində hazırda Avropa ictimaiyyətini düşündürən bir çox maraqlı məqamlar öz əksini tapmışdır. O cümlədən dövlət başçımız Cənub Qaz Dəhlizi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, bu layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də Azərbaycan öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladı. Bu gün isə, uzunluğu 3500 kilometr olan kəmər artıq bir reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir və enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Avropa ölkələri enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda Azərbaycanın önəmini yüksək dəyərləndirirlər. Artıq üç ildən artıqdır ki, Azərbaycan Cənub Qaz Dəhlizi kimi tamamilə yeni və müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Məhz bu layihənin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artmışdır.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə dyib. Fikirlərini davam etdirən partiya fəalı daha sonra Prezident İlham Əliyevin yaşıl enerjiyə keçid istiqamətində ölkəmizdə görülən işlər barədə verdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyev öz müsahibəsində həmçinin yaşıl enerjiyə keçid və ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29-la bağlı son dərəcə dəyərli fikirlər səsləndirdi. Məlum olduğu kimi, keçən ilin dekabr ayında dünya birliyi tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsinə dair qərar qəbul olunub. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı qəbul etməklə bütün dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişlər. Möhtərəm dövlət başçımızın dediyi kimi, COP29 ölkəmizin ümumi yaşıl enerji gündəliyinin bir hissəsini təşkil edir. Məlumdur ki, Azərbaycanın tezliklə Avropanı bərpaolunan enerji növləri ilə də təchiz edəcəyinə dair səsləndirilən fikirlər də getdikcə daha çox qitə ölkələrinin diqqətini cəlb edir. Bu gün ölkəmizin bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində həqiqətən də önəmli çalışmalar aparılır. Təqdim olunan məlumatlara görə Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial əlbəttə ki, ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu gün ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı investisiya layihələri həyata keçirilir. Azərbaycan bu sahədə öz potensialını reallaşdırmaq üçün bütün imkanlara sahibdir. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Avropaya qazıntı yanacağı məhsulları ilə yanaşı, həm də yaşıl enerji ixrac edəcək. Əlbəttə ki, bu, irəliyə doğru atılmış böyük bir addım olacaq və ölkəmizin Avropanın təhlükəsizliyi məsələsində aparıcı rolunu daha da artıracaq” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |