Ana Sayfa > Siyasət > Reallıq və konkret mövqe
Reallıq və konkret mövqe5-03-2024, 10:34. Yazar: sevinc1 |
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Cənab Prezident İlham Əliyev bu yaxınlarda Münxenə səfəri zamanı Almaniya Kanslerinin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı və qeyd etdi ki, Ermənistana öldürücü silahlar verən Fransadan fərqli olaraq Almaniyanın neytral mövqe sərgiləməsi müsbət qarşılanır. Təəssüf ki, bir sıra dövlətlər, o cümlədən Fransa güc diliylə danışmağa, təzyiq vasitəsilə təsir etməyə cəhd edir və yanılır. Çünki Azərbaycan dövlət olaraq öz siyasətini kimsənin diqtəsi ilə müəyyən etmir. “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Çünki hər bir dövlətin əsas hüquqlarından biri və birincisi elə budur. Ölkəmizin başçısı təəssüf hissi ilə bildirdi ki, Avropa İttifaqının son zamanlarda sərgilədiyi mövqe anlaşılan deyil. Daha doğrusu, hər bir halda Ermənistanı haqlı çıxarmaq cəhdi ikili standartın təzahürüdür. Cozef Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Ölkəmizin başçısı bu fikrə münasibətini konkret ifadə edərək demişdir: “Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.” Cənab Prezident Avropa Şurasının da eyni ikili standartlar üzrə hərəkət etdiyini və Azərbaycan nümayəndə heyətinə qarşı qəbul edilmiş qərarı tənqid edərək bildirdi ki, əgər il ərzində bu qərar dəyişilməzsə Azərbaycanın Avropa Şurasından tamamilə çıxması məsələsi gündəmə gələcəkdir. Cənab Prezident çıxışında ABŞ və Fransanı obyektiv olmağa, reallıqları qəbul etməyə çağıraraq “Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”-deyə konkret və aydın mövqe sərgiləmiş, Azərbaycana qarşı hər hansı təzyiqin mənasız olduğunu bildirmişdir. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |