Ana Sayfa > Siyasət / Özəl > Azərbaycan mühüm bərpaolunan enerji ixracatçısına çevriləcək
Azərbaycan mühüm bərpaolunan enerji ixracatçısına çevriləcək4-03-2024, 12:55. Yazar: sevinc1 |
Azərbaycan artıq uzun illərdir ki, neft-qaz ixrac edən ölkə kimi, Avropada etibarlı tərəfdaş kimi tanınıb və qəbul olunub. Ölkəmizin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi bu gün Avropa Birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində də qeyd olundu ki, ilk vaxtlar Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, bu layihə həyata keçməyəcək. Lakin tarix özü ölkəmizin təşəbbüskarı olduğu bu layihənin icrasının nə qədər vaxtında və düzgün atılmış addım olduğunu sübut etdi. Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası bu layihənin uğurlu istismarı və fəaliyyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Hər il Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəmini bir daha vurğulayır. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman olduğundan daha çox mürəkkəbliyi ilə diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illər dünyada çox şey dəyişib və məhz bu dəyişikliklər artıq enerji təhlükəsizliyini faktiki olaraq hər bir ölkənin milli təhlükəsizlik məsələsi statusuna qaldırıb. Yaranmış vəziyyətdə Avropa ölkələrinin yeni enerji mənbələri axtarışında üzlərini məhz Azərbaycana tutmaları da tamamilə anlaşılandır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına sahib olmaqla yanaşı, həm də üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin yerinə yetirlməsinə hər zaman yüksək məsuliyyətlə yanaşan bir ölkədir. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin üç il bundan öncə açılaraq istismara verilməsi bunu bir daha əyani şəkildə sübut etdi. Bütün bunlarla yanaşı Azərbaycanın tezliklə Avropanı bərpaolunan enerji növləri ilə də təchiz edəcəyinə dair səsləndirilən fikirlər də getdikcə daha çox qitə ölkələrinin diqqətini cəlb edir. Bu gün ölkəmizin bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində həqiqətən də önəmli çalışmalar aparılır. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial əlbəttə ki, ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu gün ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı investisiya layihələri həyata keçirilir. Azərbaycan bu sahədə öz potensialını reallaşdırmaq üçün bütün imkanlara sahibdir. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Avropaya həmçinin yaşıl enerji ixrac edəcək. Bu isə, öz növbəsində ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində aparıcı rolunu daha da artıracaq. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Geri dön |