Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Cənub Qaz Dəhlizinin əhəmiyyəti gündən-günə artır”

Kamaləddin Qafarov: “Cənub Qaz Dəhlizinin əhəmiyyəti gündən-günə artır”


3-03-2024, 10:00. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Cənub Qaz Dəhlizinin əhəmiyyəti gündən-günə artır”

“Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.”

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputat bildirib ki, möhtərəm dövlət başçımız Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb.” Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir.”

K.Qafarov Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amil olduğunu qeyd edib: “Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsidir.”

K.Qafarov Azərbaycanın yaşıl enerji sahəsində çalışmalarından bəhs edərək deyib: “Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir daha nümayiş etdirir” .
Geri dön