Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycanın bərpaolunan enerji layihələri yüksək effektivliyi ilə hər kəsin diqqətini cəlb edir”

Aqiyə Naxçıvanlı: “Azərbaycanın bərpaolunan enerji layihələri yüksək effektivliyi ilə hər kəsin diqqətini cəlb edir”


2-03-2024, 17:30. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Azərbaycanın bərpaolunan enerji layihələri yüksək effektivliyi ilə hər kəsin diqqətini cəlb edir”

“Məlum olduğu kimi, bu gün bütün dünyada olduğu kimi, Avropa İttifaqına daxil olan ölkələrin də gündəliyində duran ən vacib məsələlərdən biri məhz enerji təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan qeyd etmək olar ki, daha yeni marşrut olan Cənub Qaz Dəhlizinin önəminin getdikcə artması da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu ilə bağlıdır. Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikirlərdə də bir daha təsdiq olundu ki, hazırda Avrasiyadakı mövcud geosiyasi vəziyyət bu möhtəşəm Beynəlxalq layihənin reallaşdırılması son dərəcə düzgün və vaxtında atılmış addım idi. Bu gün Avropanın özündə Cənub Qaz Dəhlizinə çox sayda yeni marşrutların, interkonnektorların əlavə edilməsi də layihənin əhəmiyyətini bir daha vurğulayır. Beləliklə, Azərbaycanın təşəbbüskarı olduğu bu layihədə enerjinin şaxələndirilməsi məsələləri də tam şəkildə əhatə edilir. Toplantıda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev görülmüş işlər və gələcək planlar barədə bir çox maraqlı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanın təbii qaz resursları barədə Avropa ictimaiyyətinə yanlış məlumatlar təqdim etmək istəyən bəzi qüvvələrə də öz mesajını çatdırdı. Dövlətimizin başçısı “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Abşeron” və “Ümid” qaz-kondensat yataqlarının çox böyük potensialları barədə məlumat verdi və bildirdi ki, Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün Azərbaycanın guya ki, kifayət qədər qaz ehtiyatlarına sahib olmadığı barədə uzun illərdir ki, yayılan şayiələrin heç bir əsası yoxdur. Hətta əldə olunan ilkin nəticələr də bir daha onu göstərdi ki, həmin şayiələr Azərbaycanın potensialının qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün ölkəmizə qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.”

Bu sözləri mətbuata açqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin Prezident İlham Əliyevin ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəriciləri ilə hər kəsin diqqətini cəlb edir: “ Möhtərəm dövlət başçımız öz çıxışında bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xüsusi qeyd etdi. Təbii ki, ölkəmizin yaşıl enerji sahəsində çalışmaları və qısa müddətdə əldə olunan nailiyyətlər diqqətə layiqdir. Azərbaycan bu sahədə Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləri ilə əməkdaşlığını getdikcə genişləndirir və bu şirkətlər bərpolunan enerji sahəsində dünyada aparıcı mövqelərə sahibdirlər. Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var və bu potensial istər Xəzər dənizində, istərsə də quru ərazilərimizdə mövcuddur. Məhz bu potensial sayəsində Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməyi planlaşdırır. Beləliklə, enerji və qazıntı yanacağı həm də ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün bir alət və vasitə kimi çıxış edəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Geri dön