Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş seminar keçirilib
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş seminar keçirilib1-03-2024, 18:00. Yazar: sevinc1 |
Martın 1-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli poeziyası insan hiss və fikirlərinin bədii ensiklopediyasıdır” (Mir Cəlal) mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə Lənkəran Regional Elmi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev açdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi mütəfəkkir şairin anadan olmasının 530 illiyi ilə əlaqədar imzaladığı sərəncamla tədbir iştirakçılarını tanış edib, Məhəmməd Füzuli yaradıcılığının bəzi məziyyətləri haqqında fikirlərini bölüşüb. Sonra məruzələr dinlənilib. Məruzəçi Ağamir Cavad Mir Cəlal, Əli Fəhmi, Rafael Hüseynov, Kamal Abdulla, Böyükağa Qasımzadə və başqalarının Füzuli yaradıcılığının müxtəlif aspektlərinə həsr etdikləri əsərləri barədə danışıb, dahi mütəfəkkirin poemaları, qəzəlləri, qəsidələri haqqında məlumat verib, onları qısa təhlil edib, Füzulinin üç dildə-Azərbaycan, fars və ərəb dillərində yazıb-yaratdığını, bizə zəngin ədəbi irs miras qoyduğunu diqqətə çatdırıb. Sonra “Məhəmməd Füzulinin poetik dili” (iki qəzəlinin dili əsasında) mövzusunda Lənkəran REM-nin əməkdaşı Nəzrin Əlizadənin məruzəsi dinlənilib. Bildirib ki, Füzulinin zəngin irsi günümüzdə də araşdırılır, haqqında monoqrafiyalar yazılır. Ədib həm azərbaycanca, həm də farsca yazdığı qəzəllərində sətiraltı olaraq dövrünün ictimai-siyasi haqsızlıqlarına da toxunmuşdur. Mütəfəkkir şair, eyni zamanda, real, həqiqi insan məhəbbətini məharətlə əks etdirmişdir. “Füzuli Lənkəran şair və yazıçılarının yaradıcılığında” mövzusunda şair Ziya Dilsuz məruzəsində Mirhaşım Talışlı, Şəkər Aslan, Mirsalam Müasir, Ağamir Cavad, Ziyafət Yəhya, Xanəhməd Nahid, Əhməd Haqsevər, Aqil Yaqub, Xanlar Həmid, Tofiq Həsənli, Tərlan, Xaqani Muğamatoğlu və başqalarının Füzuliyə həsr etdikləri dram əsərləri, qəzəllər, təxmislər barədə fikir və mülahizələrini bölüşüb. Seminarda iştirak edən Lənkəran Dövlət Universitetinin “Filologiya və ibtidai təhsil” fakültəsinin III kurs tələbələri Adilə Qənbərova və Sevinc Əlizadənin sualları cavablandırılıb, Lənkəran REM-nin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Samir Kərimovun çıxışı dinlənilib. Tədbiri yekunlaşdıran Lənkəran REM-nin direktoru Mehman Əliyev Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin rəhbərliyinə, tələbə və müəllim heyətinə minnətdarlığını bildirib, Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb. Sonda tələbələrlə xatirə şəkli çəkilib. Geri dön |