Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Xocalı qurbanlarının bu ilki anım mərasimi möhtəşəm özəlliyi ilə əlamətdar oldu”
Novruzəli Aslanov: “Xocalı qurbanlarının bu ilki anım mərasimi möhtəşəm özəlliyi ilə əlamətdar oldu”28-02-2024, 12:09. Yazar: sevinc1 |
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib. Bu qanlı faciə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi olaraq bir vəhşilik aktı kimi yadda qalacaq. Xalqımız hər il 26 fevral trixində Xocalı qurbanlarının əziz xatirəsini dərin hüznlə anır. Lakin bu ilki anım mərasimi möhtəşəm bir özəlliyi ilə tam fərqli oldu. Bu il Xocalı qurbanlarının anım mərasimi xalqımızın tarixində ilk dəfə olaraq işğaldan azad edilmiş Xocalı şəhərində keçirildi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçımız bildirdi ki, Azərbaycan dövləti, dövlət qurumları, xaricdə yaşayan azərbaycanlılar, ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar və xüsusilə Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Azərbaycan bütün bu səyləri ilə haqlı olaraq dünyadan ədalət tələb edirdi. Çünki Xocalı soyqırımı bütün dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Lakin həm Ermənistan dövləti, həm də o vaxt və indinin özündə də onun arxasında duran qüvvələr, qərəzli anti-Azərbaycan mövqelərdən çıxış edən ölkələr əllərindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın və bu hadisəni törədənlər cəzasız qalsınlar. Azərbaycan isə, buna əlbəttə ki, yol verə bilməzdi.” Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib. Daha sonra deputat Azərbaycanın haqlı mövqeyinin bir daha əldə olunmuş zəfərlərlə təsdiq olunduğunu vurğulayaraq bunları deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycana ədaləti öz gücünə bərpa etməkdən başqa heç bir seçim verilmədi. Buna görə də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı Vətən müharibəsinin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Lakin həmin vaxt müəyyən səbəblərdən bəzi ərazilərimiz, o cümlədən Xocalı da müvəqqəti olaraq hələ də düşmənin nəzarətində qalmışdı. Həmin dövrdə bəziləri bu haldan narazılıqlarını bildirirdilər. Lakin sonrakı hadisələr cənab Prezident İlham Əliyevin nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini bir daha sübut etdi. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün davam edən antiterror tədbiri nəticəsində artıq Azərbaycanın bütün qalan əraziləri, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə düşməndən tamamilə təmizləndi. Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdikdən sonra qolları qandallı Bakıya gətirdiyi cinayətkarları, o cümlədən əlləri Xocalı qurbanlarının qanına bulaşmış cəlladları məsuliyyətə cəlb etməklə bütün dünyada olan anti-Azərbaycan qüvvələrə ən vacib mesajını göndərdi – ölkəmizə, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaq! Bu gün də özünə yeni himayədar axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan isə bilməlidir ki, bu ölkənin yeganə yolu Azərbaycanın bütün şərtlərini qəbul etmək və ölkəmizə qarşı bütün ərazi iddialarından əl çəkməkdir” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb. Geri dön |