Ana Sayfa > Siyasət > Azərbaycan-Türkiyə birliyi regional sülhün qarantıdır
Azərbaycan-Türkiyə birliyi regional sülhün qarantıdır26-02-2024, 19:46. Yazar: sevinc1 |
Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artır. Bu gün ölkələrimiz arasında olan müttəfiqlik münasibətlərindən irəli gələn məqamlar hər iki dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, nüfuzlarının artmasına xidmət edir. Artıq Türkiyə-Azərbaycan birliyi təkcə iki qardaş ölkə, hətta bölgə üçün deyil, ümumilikdə Avrasiya məkanı üçün əhəmiyyətini getdikcə artıran bir amilə çevrilməkdədir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 7-də keçirilmiş seçkilərdən sonra ilk rəsmi səfərini də məhz qardaş Türkiyəyə etməsi bu birliyin sarsılmazlığının növbəti nümayişidir. Bu, möhtərəm dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında dediyi kimi, əcdadlarımızdan qalan bir ənənədir. Azərbaycan və Türk xalqları isə hər zaman öz ənənələrinə sadiq olublar. Cənab Prezident İlham Əliyev qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyi növbəti dəfə qeyd etməklə ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin önəmini bir daha diqqət mərkəzinə çəkmiş oldu. Türkiyənin bu gün dünya miqyasında söz sahibi olması və beynəlxalq nüfuzunun getdikcə daha da artması danılmaz reallıqdır. Möhtərəm dövlət başçımızın dediyi kimi, hazırda dünyanın bir çox bölgələrində cərəyan edən qlobal hadisələrin gedişi Türkiyənin mövqeyindən asılıdır. Əlbəttə ki, bu, Türk dünyasına mənsub olan hər bir insanı son dərəcə sevindirir və qürurlandırır. Möhtərəm dövlət başçımız öz çıxışında 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində Türkiyənin ilk saatlardan sona qədər yanımızda olduğunu bir daha qeyd etdi və bildirdi ki, Türkiyə Prezidentinin qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və onları hərbi münaqişəyə müdaxilə etməkdən çəkindirdi. Əlbəttə ki, bu siyasi-mənəvi dəstək Azərbaycanın 30 il davam edən işğala öz gücünə cəmi 44 günə son qoymasında böyük rol oynadı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan əlaqələri onsuz da hər zaman qardaşlıq münasibətləri səviyyəsində olub. Lakin İkinci Qarabağ savaşından sonra bu əlaqələr yeni, daha yüksək zirvəyə qalxdı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Müttəfiqlik münasibətləri haqqında bəyanat ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj olmuşdur. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edən vacib amilə çevrildi. Bu gün Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir, davamlı regional sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev öz çıxışında bu məqama xüsusi toxunaraq bildirdi ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Türkiyə və Azərbaycan strateji müttəfiqliyinin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Təsadüfi deyil ki, dövlət başçılarının fevralın 19-da keçirdikləri geniş tərkibli görüş zamanı cənab Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğuladı. Möhtərəm dövlət başçımız prezident seçkilərindən iki gün sonra şəxsən iştirak etdiyi ilk tədbirin də “Bayraktar Akıncı” PUA-sının təqdimatı olduğunu diqqət mərkəzinə gətirdi. Qeyd olundu ki, bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənir. Əlbəttə ki, bütün bunlar həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətinin artmasına xidmət edir. Gülər Sultanzadə, YAP Yasamal rayon təşkilatının fəal üzvü. Geri dön |