Ana Sayfa > Siyasət > Xocalı qurbanlarının qanı yerdə qalmadı , qeyrət ləkəsi üstümüzdən təmizləndi.

Xocalı qurbanlarının qanı yerdə qalmadı , qeyrət ləkəsi üstümüzdən təmizləndi.


26-02-2024, 09:34. Yazar: sevinc1
Xocalı qurbanlarının qanı yerdə qalmadı , qeyrət ləkəsi üstümüzdən təmizləndi.

Artıq Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366- cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Dünya mətbuatı Xocalı adlı bir şəhərin erməni vandalları tərəfindən Yer üzündən silinməsi, əhalisinin soyqırımına məruz qalması haqqında xəbərlər və hadisə yerindən reportajlar yaydı. Çox təəssüf ki, sonradan Azərbaycan xalqının bu faciəsinə də biganəlik göstərildi, fəryadımızı özümüzdən başqa kimsə eşitmək istəmədi. Təqdirəlayiqdir ki, son illər istər ölkəmizdə, istərsə də xarici ölkələrdə bir çox kitablar yazılmış, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılmış, dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmış, xarici ölkələrdəki səfirlik və nümayəndəliklərimizdə, diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfransları, anma mərasimləri keçirilmiş, xarici mətbuat və teleradio kanallarında materiallar yayımlanmışdır.
Hələ də bu soyqırımına dünya birliyinin indiyədək laqeyd yanaşması ikili siyasətin, riyakarlığın bariz nümunəsidir. Çünki bəşər tarixində Xocalı soyqırımına bənzər dəhşətli facilər nadir hallarda baş verib. Əgər dünya birliyi bu faciə ilə əlaqədar təcavüzkara qarşı hər hansı bir tədbir görmürsə, o zaman onların insan hüquqlarından danışmağa mənəvi haqları çatmır. Baxmayaraq ki, bir çox diplomatlar Xocalı faciəsi üzrə beynəlxalq tribunal yaratmaqla, bu faciəyə görə cavabdeh onların cinayət məsuliyyətinə cəlb edilməsi barədə təkliflər səsləndiriblər, nəticədə isə, həmin təklifi irəli sürənlər çox ciddi təqiblərlə üz-üzə qalıblar. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Bu dəhşətli faciəyə ilk dəfə məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ildə Ulu Ondərin təşəbbüsü ilə Azərbaycan parlamentində fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qəbul olunmuşdur. Bundan əlavə, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.
Baxmayaraq ki, 1992-ci il fevralın 26-da erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı hər birimizin qəlbini dərindən yaraladı, amma Azərbaycan xalqının milli iradəsini, işğalla barışmaz mövqeyini qətiyyən sarsıda bilmədi.
Şərəfsiz ermənilərdən fərqli olaraq, humanizm prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı öz qisasını dinc əhalidən deyil döyüş meydanında erməni ordusundan aldı.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı. Artıq qəlbimizdə bir ümid qığılcımı baş qaldırır ki, bizi ruhən rahatladır. Bu da Xocalı qurbanlarının ruhunun şad olması ümididir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin !

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Geri dön