Ana Sayfa > Gündəm > Bakıda VIII Azərbaycan mikromaliyyə konfransı keçirilir

Bakıda VIII Azərbaycan mikromaliyyə konfransı keçirilir


6-10-2016, 12:43. Yazar: admin
Bakıda VIII Azərbaycan mikromaliyyə konfransı keçirilir

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda ikigünlük "Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək" adlı VIII Azərbaycan mikromaliyyə konfransı keçirilir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva konfransın məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlardonorlar və xidmət təminatçıları arasında əlaqələrin, bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması olduğunu deyib. O, konfransın investorlar, üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasındakı rolunu qeyd edib.
Bildirib ki, cari ildə mikromaliyyə xidməti göstərən maliyyə təşkilatları 370 min 245-dən çox müştəriyə xidmət göstərməklə 485 milyon 161 min 772 dollar həcmində portfelə malikdir.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov bazarda gedən struktur dəyişiklikləri və təkmilləşdirilməsi barədə danışaraq bildirib ki, dünya iqtisadiyyatında son illər geriləmələr baş verib. Kreditlərin geriyə ödənişlərini asanlaşdırmaq məqsədilə maliyyə qurumlarında kredit siyasətlərinə və strategiyalara yenidən baxılır, müştərilərin xarici valyutada olan kreditləri restrukturizasiya olunur, müddət uzadılır. Eyni zamanda, təkrar maliyyə vəsaiti verilir, xarici valyutada olan krediti yerli valyutada verilmiş borcla bağlamaq imkanı verilir, vəziyyətdən asılı olaraq müəyyən müddət üçün cərimələr ləğv olunur.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı prioritet sahələrdəndir: “Ölkədə maliyyə institutlarının dəstəyə ehtiyacı var. Biz Azərbaycanın kəndlərində maliyyə institutlarının yaradılmasına çalışmalıyıq və ASK olaraq bu sahəyə dəstək göstərməyə hazırıq”.
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder maliyyə sektorunda cari il ərzində baş vermiş çətinliklərin həlli yolunda müştərilərin etibarı və inamını bərpa etmək, onlar üçün daha ucuz və innovativ məhsullar təqdim etmək üçün sektorda islahatların aparılmasına ehtiyac olduğunu vurğulayıb.
Konfrans işini "Kiçik sahibkarların maliyyə resurslarına çıxışını sağlam kreditləşmə və məsuliyyətli borclanma vasitəsilə təmin etmək", "Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı", "Kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi" adlı sessiyalarla davam etdirir.
Geri dön