Ana Sayfa > Siyasət / Özəl > Türk dünyası üçün önəmli səfər

Türk dünyası üçün önəmli səfər


23-02-2024, 11:23. Yazar: sevinc1
Türk dünyası üçün önəmli səfər

Məlumdur ki, qardaş ölkə Türkiyə ilə Azərbaycanın münasibətləri qırılmaz bağlara malikdir. İki qardaş ölkə rəhbərinin eyni mövqedən çıxış etməsi, eyni fikir və amal uğrunda mübarizəsi hhər iki ölkəyə, eyni zamanda Türk dünyasının inkişafına kifayət qədər müsbət təsir göstərir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra Türkiyəyə ilk rəsmi səfərinin əhəmiyyəti böyükdür.
Ölkələrimizin qlobal layihələrdə, o cümlədən enerji və hərb sahəsində əməkdaşlığının genişləndirilməsinin, münasibətlərimizin möhkəmlənməsinin regional əməkdaşlıq baxımından önəmlidir. Bu fikirlər fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında səsləndirilib.
Ölkəmizin başçısı cənab İlham Əliyevin bəyanatından məlum olmuşdur ki, həm hərbi, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm də ticarət sahələrində gələcəyə yönəlmiş böyük işlər görülmüş, iki ölkə arasında ticarətin həcmi 7.5 milyard dollara çatmışdır. Gələcəkdə bunu 15 milyard dollara çatdırmaq üçün ggenişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Ölkəmizin başçısı 44 günlük savaşda Türkiyənin dəstəyini xüsusi qeyd edərək bildirmişdir ki, bu gün Azərbaycan ordusunun inkişafı, regionda ən güclü orduya çevrilməsi Türkiyə ilə hərbi sahədə əməkdaşlığın nəticəsidir: “ Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.”
Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artaraq 9 milyard kubmetrə çatmasını qeyd edən ölkə başçısı bildirmişdir ki, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı da artmaqdadır, buna da böyük tələbat var. Bu, həm də Avropanın bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Təhsil sahəsində qardaş ölkə ilə əməkdaşlığa önəm verən ölkə başçısı bildirmişdir ki, “Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.”
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının yüksək səviyyədə olmasına diqqət yetirən ölkəmizin başçısı bu qardaş ölkə ilə mümkün əməkdaşlığın bütün variantlarından istifadə edir. Çoxvektorlu xarici siyasətində cənab İlham Əliyev Türk dünyasının ən güclü ölkəsi olan Türkiyə ilə strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri daha da inkişaf etdirir. Bu siyasət hər iki ölkənin, eləcə də Türk dünyası ölkələrinin maraqlarına uyğundur.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön