Ana Sayfa > Gündəm > Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?
Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?6-10-2016, 11:40. Yazar: admin |
"Hansı ayın adında "r" hərfi varsa, o ayda balıq yemək olar" kimi bir deyim formalaşıb. Düzdür, bu ruslardan gələn bir fikirdir. "R" hərfi "rıba"ya işarədir. Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır... Amma bu bir reallıqdır ki, Azərbaycanda balıq mövsümü adətən sentyabrın sonlarından başlayır. Azərbaycan mətbəxində balıq önəmli bir yer tutur, məclislərdə, şadlıqlarda ən azı bir növ də olsa, balıq yeməyi süfrəyə qoyulur. Milli.Az musavat.com-a istinadən bildirir ki, balıq mövsümünün başlamasını nəzərə alaraq balıqların qiyməti, keyfiyyəti ilə maraqlanmaq üçün "Yaşıl bazar"a üz tutduq. Burada sırf balıqlar üçün nəzərdə tutulmuş bölümdə həm göl, həm də dəniz balıqları satılırdı. Göl balıqları böyük akvariumda saxlanılır. Təbii ki, qiymətlər də balıqların növünə görə dəyişir. Ötən illə müqayisədə balıqların qiymətində 1-2 manat arası bahalaşma müşahidə edilir. Bir çox alıcılar balığın qiymətinin bahalaşmasının balıq mövsümünün yeni başlaması ilə əlaqəli olduğunu desə də, satıcılar bu fikirdə deyil. Satıcı İlham Novruzov qiymətlərin hava şəraitinə görə dəyişdiyini dedi: "Balıq elə bir şeydir ki, onun qiyməti hər gün dəyişə bilər. Bu gün baha gördüyünüz balığı sabah gəlib ucuz da görə bilərsiniz. Hava pis olanda balıq tutmaq çətin olur, əziyyət tələb edir. Ona görə də qiyməti dəyişir, baha ola bilər. Mülayim havada balıq nisbətən ucuz olur". Balıqların qiyməti isə aşağıdakı kimi idi: Kilkə 2 manat 50 qəpik, "syomqa" 25 manat, sazan 6 manat, "Sibas Dorado" 17 manat, nərə 30 manat, berj 11 manat, forel 14 manat, xanı 5 manat, kütüm isə 7 manata satılırdı. Akvariumda diri balıqlar da satılırdı. Mağaza müdiri akvariumdakı balıqların Gürcüstandan gətirildiyini və göl balıqları olduğunu deyirdi: "Bu balıqlar göl balıqlarıdır. Dəniz balığı göl balığına nisbətən daha dadlı olur. Qiymətində də fərq var. Göl balığı nisbətən ucuz olur. Biz dəniz balıqlarını Nardarandan tuturuq. Xəzər balıqlarıdır. Balıq tutulub təmizləndisə, gərək yeyilsin. Səhər tutulan balıq mağazada axşamadək qala bilər. Bizim mağazamızda balıq qalmır. Alıcılarımız çoxdur. Çünki mağazamızdakı balıqlar həmişə təzə olur. Hamısı gündəlik tutulan balıqlardır. Hətta restoranlarda bizdən sifariş edib alırlar". Keyfiyyətli, təzə balığı seçməyin yollarına gəlincə isə satıcı bunun üçün iki əsas məqama diqqət yetirməyin vacib olduğunu dedi: "Təzə balığın qulağı qırmızı, gözü isə şəffaf olmalıdır. Əgər balığın gözləri canlı, bayıra doğru çıxmış vəziyyətdədirsə, demək ki, təzədir. Balığın gözü ölü kimidirsə, demək ki, köhnədir. Alıcılara biz balıqları təmizləyib, duzlayıb veririk. Bu ayrıca pul hesablanmır. Hamısı balığın qiymətinin içində gedir". Mütəxəssislər təzə balığı tanımağın daha bir neçə yolu olduğunu bildirirlər. Məsələn, balığın pulcuqlarına toxunun, canlı və parlaq olmalıdır. Toxunduğunuzda tökülməməlidir. Balığı əlinizlə qaldırdığınızda quyruğu əyilmədən dik şəkildə durursa, o balıq təzədir. Balıqdan dəniz qoxusu gəlirsə, təzədir. Balığın ətinə barmaqla basın və dərisi yenidən əvvəlki vəziyyətinə qayıda bilirsə, təzədir. Bəzən alıcılar mağazalarda satılan buzlamış balıqları almağa ehtiyat edir. Bir neçə gün qalmış və buzlamış balıqların zərərli olduğunu düşünürlər. "Yaşıl bazar"da balıqsatan isə bu fikrin yanlış olduğunu dedi: "Marketlərdə satılan buzlamış balıqlar sağlamlığa zərərli deyil. Balığın saxlama temperaturu var. Əgər temperatur rejimi düzgün qurularsa, o balığı istənilən qədər saxlamaq olar". Qeyd edək ki, balığı sentyabr ayından may ayınadək yemək olar. Balıqçılar deyirlər ki, aylara, suyun hərarətinə görə müxtəlif növ balıqları tutmaq asandır. Məsələn, suyun hərarəti 28-29 dərəcə olanda suyun üzü kefal balıqları ilə dolu olur. Hazırda sazanla voblanın dövrüdür. Qışda isə karp, karas balıqları ovlanılır. Balığın tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. Hətta tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Balıq həmçinin sümüklərin əriməsini əngəlləyir. Zehni açır, hafizə itkisi, unutqanlığa qarşı təsirli olur. Bundan başqa, saçları və dərini qidalandırır. Göz sağlamlığı üçün isə faydası danılmazdır. Sağlamlığa çox mühüm fayda verdiyi üçün mütəxəssislər balığın həftədə ən azı 2 dəfə yeyilməsinə diqqət çəkir. Ümumilikdə isə hər bir orta yaşlı insan il ərzində ən azı 15-20 kiloqram balıqdan istifadə etməlidir. Ancaq balığın bu özəlliklərindən faydalanmaq üçün təzəliyindən bişirilmə üsuluna, yanında nələr yeyilməsinə qədər bir çox nəsnəyə də diqqət etmək lazımdır. Balığın yanında aruqula (roka) yemək olmaz. Rokanın tərkibində olan yüksək dəmir balıqla yeyildiyində kalsium miqdarını azaldır. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır. Üzərinə bir neçə damcı limon sıxanda balığın zəhərləyici təsiri mövcuddursa, bədəndəki toksik təsirini azaldır. Proteinləri öldürənə qədər bişirməyin. Proteinlər istiliyə məruz qaldıqda yox olur. Başqa sözlə desək, balıqdakı proteinin bədən üçün heç bir faydası qalmır. Buna görə buğlama, ya qrildə bişirilmə üsullarından istifadə edərək balığı azca sulu, çox qızartmadan bişirmək lazımdır. Şəkərli, kremli, lobyalı sousları balıqla istifadə etməyin. İstəsəniz, limonlu, tərəvəzli qarnirlərlə yeyə bilərsiniz. Belə balıq daha ləzzətli və sağlam olacaq. Ən doğru bişirilmə üsulu buxarda bişirməkdir. Geri dön |